“Teleskop” martın əvvəllərində sənətsevərlərə təqdim olunacaq

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, 2019-cu ildə Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli bildirib ki, bu il teatrın səhnəsində Xalq yazıçısı Elçinin “Teleskop”, fransız dramaturqu Jan Batist Molyerin “Xəstəlik xəstəsi”, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəli Domrul” əsərləri, həmçinin Azərbaycanın klassik dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə onun əsərlərindən biri tamaşaya qoyulacaq.

Hazırda teatrda “Teleskop” pyesinin məşqləri gedir. Tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucova, rəqslərə quruluş verən isə Çingiz Novruzəliyevdir. Rollarda Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hüseyn Hüseynli, İlkin Rüstəmov, aktrisalar Lalə Məmməd, Günay Novruzəliyeva, Nərmin Abbasova, Fidan Lətifova və başqaları çıxış edəcəklər.

Tamaşa martın əvvəllərində, Milli Teatr Günü ərəfəsində teatrsevərlərə təqdim olunacaq.