Xəbər verdiyimiz kimi, dövlət başçısının sərəncamı ilə ölkəmizdə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 nəfər gənc 2019-cu il üçün Prezident mükafatına layiq görülüb.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə, Azərbaycanı BMT səviyyəsində təmsil edən ilk sosial sahibkar, təlimçi Sara Rəcəbli, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Allahverdi Şahverənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistrantı Masər Həsənov və Naxçıvan MR Şahbuz rayonu Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi Nigar Mirzəmmədova gənclər üçün Prezident mükafatı ilə təltif olunublar.

Mədəniyyət sahəsində xüsusi fərqləndiklərinə görə mükafat alan iki gənc istedadımızı daha yaxından tanıyaq.

 

“Bundan sonra daha çox çalışmalıyam”

 

Bakı Musiqi Akademiyasını skripka ixtisası üzrə bitirən Mustafa Adil oğlu Mehmandarov daha sonra ilk azərbaycanlı olaraq Vyana Konservatoriyasında opera-simfonik dirijorluğu üzrə təhsil alıb. Ölkə başçısının sərəncamına əsasən, onun adı gənc istedadların “Qızıl kitab”ına daxil edilərək Prezident təqaüdünə layiq görülüb. Hazırda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru kimi fəaliyyət göstərən Mustafa Mehmandarov bu günə kimi çoxsaylı beynəlxalq və yerli festival və müsabiqələrdə uğur qazanıb.

Prezident mükafatına layiq görülməsi və mükafatın şəxsən dövlət başçısı tərəfindən təqdim edilməsindən məmnuniyyət duyduğunu dilə gətirən musiqiçi deyir: “Bundan sonra daha çox çalışmalıyam. Dövlətimiz tərəfindən göstərilən qayğı, layiq görüldüyümüz mükafat həm də böyük məsuliyyət deməkdir. Bu mükafatlandırma gənclərin yaradıcılığına verilən qiymətin bariz nümunəsidir. Mükafat təkcə mənim deyil, bütövlükdə mədəniyyət sahəsinə göstərilən diqqətdir. Mənə dəstək olan insanlara təşəkkür edir və bütün yaradıcı gənclərə uğurlar arzulayıram. Bir daha dövlətimizə gəncliyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.

Gənc dirijor qarşıdakı konsertləri haqqında da məlumat verdi. Bildirdi ki, mart ayının əvvəlində filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim ediləcək: “Bir neçə xarici ölkədə konsertlər nəzərdə tutulub. TÜRKSOY Kamera orkestri ilə yeni layihələr üzərində çalışırıq”.

Onu da qeyd edək ki, TÜRKSOY Kamera orkestri 2010-cu ildə yaradılıb. Mustafa Mehmandarov bu orkestrdə üç il skripkaçı kimi fəaliyyət göstərib. 2016-cı ildən dirijor olaraq orkestri idarə edir.

 

“Bu mükafat yaradıcılığıma böyük stimuldur”

 

Yüksək mükafata layiq görülmüş daha bir istedadlı gəncimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kino və televiziya fakültəsinin magistrantı Masər Fuad oğlu Həsənovdur. Masər təltiflə bağlı sevincini öncə ailəsi ilə bölüşdüyünü dedi: “Mükafatın cənab Prezident tərəfindən təqdim ediləcəyini biləndə isə sevinclə yanaşı, həyəcan keçirdim. Əlbəttə ki, bu mükafat bir gənc olaraq yaradıcılığıma böyük stimuldur. Məni mükafata layiq gördüyü üçün ölkə başçımız İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bundan sonra artıq çiyinlərimdə böyük bir məsuliyyət hiss edirəm və mənə olan etimadı doğrultmağa söz verirəm. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində magistr təhsilimi davam etdirirəm. Diplom işimə hazırlıq prosesindəyəm”.

Həmsöhbətim gələcək planlarından da danışdı: “Tammetrajlı film çəkmək istəyirəm. Hələ ki, son filmim olan “Deja vu” bir neçə beynəlxalq festivalda iştirak edib. Ümid edirəm ki, uğurlu nəticələr olacaq. Bu günə kimi mənə dəstək olan insanlara təşəkkür edirəm”.

Xatırladaq ki, Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin tələbəsi olan Masər Həsənov müxtəlif müsabiqələrdə, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində mükafat, diplom və sertifikatlarla təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. Onun “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada beynəlxalq festivallarda iştirak edib, ölkəmizdə keçirilən beynəlxalq “START” film festivalında “Jürinin rəğbəti” nominasiyası üzrə mükafat qazanıb. Gənc rejissorun “Sevgi naminə” qısametrajlı bədii filmi isə “9th Independent International Internet Short Film Festival”da (ABŞ) birinci dərəcəli laureat seçilib.

Prezident mükafatına layiq görülən bütün gənclərimizi təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

L.AZƏRİ