Londondakı Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin premyerası keçirilib.
Premyeradan sonra “Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasından söz açaraq filmin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, “Endless Corridor” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya mütəxəssisləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” populyar teleserialının ulduzlarından İen Qlen iştirak edib.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.
Sənədli film üzərində beş ilə yaxın çalışmış A.Brokas qeyd edib ki, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd edib ki, Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar verilməsinə dair bariz nümunədir.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və hazırda Vaşinqtonda “Camp David” şou proqramının prodüseri olan Cerald Rafşun diqqətə çatdırıb ki, beynəlxalq səylərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək həll olunmayıb.
Filmdə litvalı jurnalist Riçard Lapaitis uzun illərdən bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini müharibə müxbiri kimi nəql edir. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “Sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
Qeyd edək ki, BAFTA-dakı premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.