“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” bədii filmi 5-12 iyul tarixində Karlovı Varı beynəlxalq festivalında iştirak edəcək.

Rejissor Asif Rüstəmovun filmi nüfuzlu festivalın “East of the West” müsabiqəsində digər 11 ekran əsəri ilə yarışacaq. “Axınla aşağı” bədii filminin nümayişi iyulun 10-da keçiriləcək.
Psixoloji ailə dramı janrında çəkilən “Axınla aşağı” filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüser Nadir Əliyev, baş prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.
1956-cı ildən keçirilən Karlovı Varı festivalı dünya kinosunda “A” kateqoriyalı 12 festivaldan biridir. Məşhur kino ulduzlarının qatıldığı festivalın builki qonaqları arasında Fanni Ardan, Laura Dern, Asia Arcento və başqa tanınmış simalar var. Məşhur amerikalı aktyor, rejissor Mel Gibson festivalın “İncəsənətə verdiyi töhfəyə görə” mükafatına layiq görüləcək. Festivalın əsas mükafatı olan “Büllur kürə” ən yaxşı bədii filmə verilir.
Qeyd edək ki, bu il “Azərbaycanfilm”in istehsalı olan ikinci film dünyanın nüfuzlu kino festivalında iştirak edir. Mart ayında “Sonuncu” qısametrajlı filmi Kann kinofestivalının əsas proqramında yer almışdı.