Xəbər verdiyimiz kimi, iyunun 19-dan 26-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir.

İyunun 18-də Nizami Kino Mərkəzində bununla bağlı mətbuat konfransı keçirildi. Tədbirdə çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə festival barədə məlumat verdi.
Bildirdi ki, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan kino-baxışlar rayon (şəhər) mədəniyyət və turizm şöbələri (idarə) və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək. “Milli Qəhrəmanlar” silsiləsindən filmlər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında çəkilib. Bu günə qədər 24 film lentə alınıb: “Bu yaxınlarda Qaxda Milli Qəhrəman Cavanşir Rəhimov haqqında (“Cavanşir”) və Masallıda Səfərəli Məmmədov haqqında (“Qəhrəman polis”) filmləri göstərilmişdir. Hər iki film böyük maraqla qarşılanmışdır”.
Almaz Sultanzadə qeyd etdi ki, “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Oğuz, Göyçay, Quba, Xaçmaz və Biləsuvar rayonlarında 11 sənədli film nümayiş etdiriləcək. Onun sözlərinə görə, bu silsilədən yeni sənədli filmlərin də çəkilməsi nəzərdə tutulur.
Daha sonra filmin rejissorları Yalçın Verdiyev, Kəmalə Mustafazadə, Zamin Məmmədov media nümayəndələrinin suallarını cavablandırdılar, çəkilişlər zamanı üzləşdikləri problemlər və təəssüratları barədə məlumat verdilər. Milli Qəhrəmanların həyatlarının gənc nəsillərə örnək olduğunu və bu istiqamətdə təbliğatın gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində önəmini vurğuladılar. Rejissorlar çəkilişlər zamanı Qarabağ həqiqətləri, rastlaşdıqları tarixi faktların da tamaşaçılar üçün maraqlı məlumat olacağını bildirdilər. Daha sonra “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsinin cədvəli haqqında məlumat verildi.
Qeyd edək ki, sənədli filmlər həftəsinə iyunun 19-da Milli Qəhrəman Əfqan Hüseynova həsr olunmuş “Qəhrəman” filminin təqdimatı ilə (Bakı) start verilib. İyunun 20-də Oğuz rayonunda Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş “Vətənim mənim” filmin təqdimatı nəzərdə tutulub.

Lalə Azəri