Görkəmli teatrşünas alim Cəfər Cəfərov yazırdı ki, teatr ilk növbədə aktyor deməkdir. Teatr sintetik sənətdir, sənətlər birliyidir, lakin sonda tamaşaçı ilə üzbəüz qalan aktyordur. Daha sonra Cəfər Cəfərov yazırdı ki, aktyor yaradıcı qüvvədir: “Yazıçı (dramaturq), bəstəkar və rəssam kimi aktyor da fərdi xüsusiyyətlərə malik olan bir yaradıcıdır. Onun da özünə görə fikir və obraz aləmi vardır”.

Tamamilə dəqiq ifadə olunmuş fikirdir. Aktyor kağız üzərində olan dramaturji obrazı özünə köçürərək, səhnədə təqdim edir. Aktyor həm rəssam, həm də əsərin çəkildiyi kətandır.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun yaradıcılığını xeyli vaxtdır ki, izləyirəm. Onun haqqında yazmaq üçün çoxdan idi ki, tutarlı səbəb axtarırdım. Axır ki, səbəb özü-özünə tapıldı. İyul ayının 4-də Əjdərin 50 yaşı tamam oldu. Bundan da gözəl səbəb olar?
Zaman necə də s2rətlə axır. Sanki dünən teatr aləminə qədəm basan gənc idi, artıq 50 yaşını tamamlayıb. Qüssələnməyə dəyməz. Deyirlər, 50 yaş gəncliyin qocalığı 60 yaş isə, qocalığın gəncliyidir. Deməli, hələ yaşamağa-yaratmağa vaxt var.
Onu tanıyanlar tanıyır. Tanımayanlar üçün avtobioqrafik məlumata müraciət edək. Əjdər Mehdi oğlu Zeynalov 1964-cü il iyulun 4-də qədim Azərbaycanımızın İrəvan mahalının Zəngibasar rayonunun Qaraqışlaq kəndində dünyaya göz açıb. Orta məktəbdə oxuduğu illərdə onda ecazkar teatr sənətinə sonsuz maraq oyanıb və o, dram dərnəyinə yazılıb. Dərnəkdəki fəaliyyəti Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının rəhbərliyinin diqqətini cəlb edir və o, gənc kadr kimi teatra dəvət olunur. Əjdərin fəaliyyəti diqqətdən kənarda qalmır və o, 1982-ci ildə teatrın direktoru, yazıçı-dramaturq Hidayət Orucovun təşəbbüs və təqdimatı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ali təhsil almağa göndərilir. Əjdər Bakıda ali təhsil aldığı illərdə doğma teatrla əlaqəni kəsmir. 1988-ci ildə ali təhsilini başa vurub teatra qayıdır, lakin elə həmin il İrəvan Azərbaycan teatrının qaçqınlıq həyatı başlayır. Əjdər artıq 26 ildir ki, bu teatrın aktyorudur və bununla fəxr edir.
Bu illər ərzində Əjdər Zeynalov həm teatrda, həm də kinoda maraqlı, fərqli obrazlar dünyası yaradıb. İş elə gətirib ki, mən bu obrazların müəyyən hissəsini seyr etmişəm. Söz yox ki, aktyor üçün xarici görünüş vacibdir. Çünki tamaşaçı ilkin olaraq aktyorun xarici görünüşünü seyr edir, lakin daxili aləm olmasa, tək xarici görünüşlə iş aşmaz. Aktyorun daxili aləmi xarici aləmini tamamlayırsa, o zaman təqdim olunan obrazın təsviri və təsiri daha mükəmməl və inandırıcı olar.
Əjdərin obrazlarını yada salmağa çalışıram.
İsi Məlikzadənin “Gəl, qohum olaq” Ədalət, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” əsərində Kişi obrazlarında Əjdər tam fərqli cizgilərdən istifadə edir. Hər iki obraz həyatiliyi və əsası da səmimiliyi ilə tamaşaçı qəlbinə yol tapır. Nodar Dumbadzenin “Ağ bayraqlar” əsərində Zabit, J.B.Molyerin “Zorən təbib” əsərində Luka obrazları da tamaşaçını düşündürməyə layiq obrazlardır.
Karlo Qoldoninin “Məzəli hadisə”sində nökər, Anarın “Adamın adamı” əsərində Fənd Fərəc tam fərqli dünyaların adamlarıdırlar. Onların hər ikisini birləşdirən yeganə xətt hər ikisinin fırıldağa olan meylliyidir. Fənd Fərəc hər zaman düşdüyü çıxılmaz vəziyyətlərdən qurtulur. Onun xarici görünüşü obrazın daxili dünyası ilə səsləşən hərəkət mizan toplusu, üz cizgiləri, səs intonasiyası tamlıqda bir-biri ilə vəhdət təşkil edir.
Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Molla Səfi, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasında Həsən bəy obrazları milli klassikanın ölməz nümunələridir. Günümüzə qədər bu iki obrazın saysız-hesabsız ifa nümunələri var. Əjdər bu obrazlarda da seçilib, fərqlənə bilib.
Sonrakı illərdə Əjdər Hidayətin “Vətəndən ağırdır vətənin yükü” əsərində Katib, Tofiq Əl-Hakiminin “Hərraca qoyulmuş sultan”əsərində Vəzir, Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”ində Ağa Mərdan, Zəlimxan Yaqubun “Didərginlər”ində Qaçqın, Zehni Papaqçının “Soyqırımı abidəsinin dastanı” əsərində Türk zabiti, İnqilab Vəlizadənin “Abbasqulu bəy Şadlinski” əsərində Abbasqulu bəy, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesində Qara, Akademik Milli Dram Teatrının səhnəsində Elçinin “Sənətkarın taleyi” əsərində Qubernator və daha neçə-neçə obrazları tamaşaçılara sevdirə bilib. Onun obrazları heç vaxt bir-birinə bənzəmir. O, obrazlarında xarici, həm də daxili dünyaların vəhdətinə nail ola bilir. Onun obrazları ən kiçik ştrixlərə qədər dəqiqdir. İnana bilmirsən ki, bütün bu fərqli obrazlar dünyasını yaradan eyni adam, eyni aktyordur. Əjdərin başqalaşmaq, dəyişmək bacarığına bir çox aktyorlar həsəd apara bilər. Əjdər obrazın iç dünyasını duyaraq, sanki əvvəl öz xaricinə, sonra isə tədricən daxilinə köçürür.
Əjdər teatrda fərqləndiyi kimi kinoda da maraqlı obrazlar yaradıb. “Köpək”, “Qəzəlxan”, “Sovqat”, “Qisas almadan ölmə”, “Dolu”, “İtirilmiş həqiqət” kinofilmlərində yaddaqalan obrazlar yaradan aktyor Əjdər Zeynalov ekranda fərqli görüntü və ifadəli üz cizgilərinə, mənalı baxışlara nail ola bilir.
Biz dedik ki, aktyor üçün xarici görünüş, faktura, üz cizgiləri vacibdir, kinoda isə bu daha çox vacibdir. Çünki teatr səhnəsindən fərqli olaraq, ekranda aktyor bütövlükdə, həm də yaxından tamaşaçı qarşındadır. Onun üzü, gözlərinin ifadəsi obrazın iç dünyasını tamaşaçı üçün açmalıdır, əks-təqdirdə tamaşaçı obrazın həyatiliyinə inanmaz. Bu baxımdan Əjdərin teleseriallarda oynadığı rollar da diqqətəlayiqdir. “Sirr”də Müstəntiq, “Muradıma çatan günəş”də həbsxana Aslan, “Həyat çiçəyi”ndə Vəkil, “Ləkə”də Şirkət sahibi, “Çaqqal nəfəsi”ndə Polis zabiti və s. obrazları həm ifa baxımdan, həm də fikir yükü ilə diqqət çəkir.
Əjdər Zeynalov haqqında, onun teatr və kino obrazları haqqında düşündüklərimizi qısa da olsa diqqətə çatdırdıq. Onu 50 illik yubileyi münasibətilə təbrik edir, yeni-yeni səhnə və ekran uğurları arzulayırıq.

Çingiz Ələsgərli,
teatrşünas