Nizami Kino Mərkəzində "Nabat" bədii filminin təqdimatı olacaq

Hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycanda kinonun tarixi 1898-ci il avqustun 2-də Bakıda ilk dəfə kinosüjetlərin kütləvi nümayişi ilə başlanıb.

Həmin gün şəhər sakinləri fotoqraf Aleksandr Mişonun lentə aldığı üç sənədli xronikaya - “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paraxodunda yolasalma mərasimi, “Qafqaz rəqsi” və bir məzəli süjetə (“İlişdin” - Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat) tamaşa ediblər. Beləcə, Bakıda incəsənətin yeni növünün - kinematoqrafın əsası qoyulub. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin ilk kinoseansının həyata keçirildiyi tarixi nəzərə alaraq bu günün qeyd olunması barədə sərəncam imzalayıb. 2000-ci il 18 dekabr tarixli 558 saylı sərəncamla 2 avqust Azərbaycan Kinosu Günü elan edilib.
Avqustun 1-də Nizami Kino Mərkəzində kinematoqrafçıların peşə bayramı münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq.
Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov və başqaları rol alıblar.
Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq. Həmçinin "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.
Mərkəzin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.