Sentyabrın 6-da İtaliyanın Lido adasında keçirilən 71-ci Venesiya kinofestivalı başa çatıb. Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri olan festivalda ilk dəfə Azərbaycanın tammetrajlı bədii filmi də nümayiş etdirilib.

Rejissor Elçin Musaoğlunun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Nabat” filmi sentyabrın 5-də Venesiya kinofestivalının əsas müsabiqədən sonra ikinci bölməsi olan “Horizontlar” (“Orizzonti”) proqramı çərçivəsində göstərilib. Qeyd edək ki, “Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır.
“Sala Darsena” kinoteatrında keçirilən təqdimatda film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Filmin növbəti təqdimatı 6 sentyabrda "Palabiennale" kinoteatrında keçirilib. Bu, “Nabat” filminin ilk dünya premyerasıdır. Təqdimat mərasimində rejissor Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya (İran), filmin prodüseri Müşfiq Hətəmov iştirak ediblər.

“Qızıl şir”i İsveç rejissoru qazandı

71-ci Venesiya kinofestivalının yekunlarına gəlincə, baş mükafatı (“Qızıl şir”) İsveç rejissoru Roy Andressonun “Budağa qonmuş göyərçin həyat barədə düşünürdü” filmi qazanıb. Rusiyalı məşhur kinorejissor Andrey Konçalovskinin “Poçtalyon Aleksey Tryapisının bəyaz gecələri” filmi “Gümüş şir”ə layiq görülüb. Festivalın üçüncü əsas mükafatı (Qran-pri) Amerika rejissoru Coşua Oppenhaymerin “Sükutun mənzərəsi” sənədli ekran əsərinə verilib.
Ən yaxşı aktyor və aktrisa adını italyan rejissoru Saverio Kostansonun “Ac ürəklər” filmində rol alan amerikalı Adam Drayver və italiyalı Alba Porvaxer qazanıb. İranlı xanım rejissor Rahşan Baniemetadın “Əhvalat” filmi ən yaxşı ssenariyə görə mükafatlandırılıb, türkiyəli Kaan Müjdəçinin “Sivas” filmi isə jürinin xüsusi mükafatı ilə təltif olunub.