IX “START” Bakı Gənclərin Beynəlxalq Film Festivalına hazırlıqlar başlayıb. Festivalın prezidenti Fehruz Şamıyevin bildirdiyinə görə, Gənclər və İdman Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq. İlk yenilik təşkilatçılar sırasına “Azərbaycanfilm”in qoşulmasıdır. Son bir neçə ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. “START” festivalına dəstək də bu qəbildəndir.
Qafqazın ən böyük qısametrajlı film yarışması olan “START”da digər yenilik festivalın mükafatı ilə bağlıdır. Bu ildən etibarən qaliblərə “Qızıl nar” mükafatı təqdim olunacaq. Nar Azərbaycan məhsulu olmaqla yanaşı, xalqımızın qədim folklorundan gələn simvollardan biridir. “Dünyanın bir çox ölkələrində istehsal etdikləri meyvə ilə bağlı kino mükafatları var. Biz də “Qızıl nar”ı festivalın mükafatı kimi təqdim etməyə qərar verdik”, - deyə F.Şamıyev bildirib.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Məqsəd kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək, müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir.
Filmlərin qəbuluna yaxın günlərdə start veriləcək. Builki festivala qatılmaq istəyənlər arasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya kimi kino ənənəsi olan ölkələrin təmsilçiləri var.