Tanınmış rejissor, Xalq artisti Oqtay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi 5-11 sentyabr tarixində Kazanda keçirilən X beynəlxalq müsəlman filmləri festivalında “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında qalib olub. Bu nominasiyada qələbə uğrunda daha 9 film mübarizə aparırdı.
Oqtay Mir Qasımın filmi ilə yanaşı rejissor Salem Salavatinin (İran) “Keçən il qışda” filmi də qalib elan olunub. Xorvatiyalı rejissorun “Həlimənin yolu” filmi “Ən yaxşı tammetrajlı bədii film”, braziliyalı Marsio Kurinin “Son dayanacaq” filmi ən yaxşı ssenari nominasiyasında qalib gəlib.
Belarus rejissoru Andrey Qrebenkinin “Babu” filmində çəkilən Tamara Mironova ən yaxşı qadın roluna görə, İtaliya və Əfqanıstan kinematoqraflarının “Əfqanıstan 2014 - təfərrüatları ilə” filmi isə sənədli film nominasiyasında mükafata layiq görülüb.
Fransa rejissoru Sufian Berriçinin “Kaliforniyalı müsəlmanlar” filmi ən yaxşı qısametrajlı sənədli film nominasiyasında qalib gəlib. Rejissor Faysal Soysalın (Türkiyə) “Dörd yol ayrıcında” filmi TÜRKSOY təşkilatının xüsusi mükafatını qazanıb.