Quba rayonunda yaşayan dağ yəhudiləri baharın gəlişi ilə əlaqədar Pesax bayramını qeyd etməyə başlayıblar.

Azadlıq və bahar anlamını verən Pesax bayramı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə hər il təntənə ilə qarşılanır. Bu il aprelin 19-dan başlayan bayram müxtəlif dini ayinlərlə müşayiət olunur, dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.

Qəsəbə sakini Boris Simanduyev bildirib ki, Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün Tanrıya dua ediblər. Yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə edilməsini bayram kimi qeyd etməyə başlayıblar.

Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz, quru çörək – “matsa”dan istifadə etməlidir.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov bildirib ki, burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib. Qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Pesax bayramı aprelin 27-dək davam edəcək.