Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bülbül adına Uşaq incəsənət məktəbində “Sumqayıt 70” adlı incəsənət festivalı keçirilib.

Festivalda məktəbin istedadlı yetirmələrinin, həmçinin xalq çalğı alətləri orkestri, uşaq xor kollektivi, nağaraçılar ansamblı, “Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb. Proqramda S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” mahnıları, Ü.Hacıbəylinin “Sevgili canan” romansı,  “Heyratı” zərb muğamı, “Ruhani” saz havası, digər musiqi nömrələri səslənib.

Tədbir çərçivəsində məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işləri sərgisinə baxış olub.

* * *

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbi və Gürcüstanın Kutaisi, Qori və Zestafoni şəhər musiqi məktəblərinin kollektivləri “Qardaşlaşmış məktəblər” layihəsi əsasında Abşeron rayon Mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə birgə konsert proqramı ilə çıxış ediblər.

Xırdalan şəhər Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və Gürcüstan İncəsənət İttifaqının üzvü Maka Trapaidze çıxış edərək musiqi məktəbləri və mədəniyyət mərkəzləri ilə sıx əlaqələrindən danışıblar.

Konsert proqramında Azərbaycan, Gürcüstan, Avropa bəstəkarlarının əsərləri, Azərbaycanın xalq mahnıları və muğamları ifa olunub. Xor və rəqs kollektivlərinin çıxışları da alqışlarla qarşılanıb.

Səfər çərçivəsində gürcüstanlı qonaqlar Xırdalan şəhər Musiqi məktəbində olub, dərs prosesini izləyiblər.

* * *

İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda ümummilli liderin anadan olmasının 96-cı ildönümü münasibətilə “Oxu bayramı” keçirilib.

Tədbir zamanı İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-nin müxtəlif mövzularda təşkil etdiyi kitab sərgisi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin filiallarının əl işlərindən ibarət sərgiləri, eləcə də İsmayıllı Dövlət Rəsm Qalereyasının sərgisi nümayiş etdirilib.

İsmayıllı şəhər F.Əzimov adına Uşaq incəsənət məktəbi şagirdlərinin, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansamblının konserti tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Tədbirdə İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonlarında keçirilən mütaliə müsabiqəsinin qalibləri diplomlarla təltif olunub.

* * *

Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yevlax şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda bilik yarışması təşkil edib. İntellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən gənc mədəniyyət işçiləri, o cümlədən regional idarə üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri qatılıb.

Üç turdan ibarət yarış Bərdə rayonunun “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri mahnılar ifa ediblər. Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.

* * *

Sabirabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kütləvi tədbir keçirilib. Rayon İcra Hakimiyyəti və Sabirabad  Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan konsert proqramında xalq artistləri Nazpəri Dostəliyeva, Niyaməddin Musayev, tanınmış müğənnilər ifa etdikləri mahnılarla iştirakçıların zövqünü oxşayıblar.

* * *

Lerik Dövlət Rəsm Qalereyası rayondakı Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilərin rəsm əsərlərindən ibarət sərgi keçirib. “Onun həyatı ölkəmizin tarixidir” adlı sərgi beş gün davam edib və rayon sakinləri məktəblilərin əl işləri ilə tanış olublar.