Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq teatr festivalı (1-5 iyun) başa çatıb.

Festivalın sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.

İlkin olaraq səhnəyə İranın Ərdəbil şəhərinin “Ünvan” teatrının aktyorları çıxıblar. Onlar tamaşaçılara “Qızıl başmaq” tamaşasını təqdim ediblər. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.

“Ünvan” teatrı 2012-ci ildən fəaliyyət göstərir. Teatrın repertuarında İran və dünya klassiklərinin əsərləri yer alır. “Ünvan” uşaqlar və gənclər üçün tamaşalar hazırlayır.

Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ərəb nağılları əsasında səhnəyə qoyulmuş “Əlibaba və qırx quldur” tamaşasını təqdim ediblər. Nağıl-tamaşaya teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib, səhnə tərtibatçısı Valeh Məmmədovdur. Birhissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları canlandırıblar.

Tamaşada böyük qardaş Qasımın Əlibabaya qarşı xəsisliyi, hiyləgərliyi önə çəkilməklə pul, varlanmaq həvəsinin doğmalıq, yaxınlıq hislərinin önünə keçdikdə hansı acı nəticələrə gətirə biləcəyi göstərilir. Əlibabanın zəhmətsevərliyi, dürüstlüyü, ədalət hissi sayəsində əsl qəhrəmana çevrilməsi məntiqi nəticəsini tapır.

Festivalın son tamaşasını Salyan Dövlət Kukla Teatrı göstərib. Azərbaycan xalq nağılı əsasında hazırlanan “Bostançı və Şah Abbas” tamaşasında haqq-ədalət adil Şah Abbasın timsalında, tamahkarlıq və paxıllıq kimi mənfi hislər şahın vəziri Allahverdinin obrazında təcəssüm olunub. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Daha sonra festivalın bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova festivalın tamaşaçılara xoş anlar yaşatdığını bildiriblər.

Festivalda çıxış edən teatr kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.