İyunun 5-dən 7-dək Parisdə, UNESCO-nun baş qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”nın Tərəflərinin Konfransının 7-ci sessiyası keçirilib. Açılışda konfransın sədri (Burkina-Faso), müavinləri (Almaniya, Serbiya, Salvador, Fələstin) və məruzəçi (Kamboca) seçilib.

Konvensiyanın tətbiqi üzrə ümumi debatlarda Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri – mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva birinci çıxış edib. O, UNESCO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunaraq multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində gördüyü işlər barədə danışıb. Vurğulanıb ki, 1992-ci ildən UNESCO-nun üzvü olan Azərbaycan təşkilatın fəaliyyət dairəsinə aid olan bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri qurub.

Nazir müavini müxtəlif mədəniyyətlərin və dinlərin sülh içində birgəyaşayışını və harmoniyanı formalaşdıran Azərbaycan modelindən söz açıb, ölkəmizdə əsrlərlə yaşayan müxtəlif etnik qrup nümayəndələrinin mədəni dəyərləri yaratmaq və istifadə etmək hüququnun Konstitusiya ilə təmin olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan sosial həmrəyliyə töhfə verən əsas faktorlardan biri – “fərqlilikdə birlik” ideyasının tətbiq edilməsinin unikal nümunəsidir.

Sevda Məmmədəliyeva çıxışında ölkəmizdə fəaliyyət göstərən katolik, pravoslav kilsələri, sinaqoqlar, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlar, televiziyada yayımlanan verilişlər, keçirilən mədəni tədbirlər barədə də məlumat verib. 2013-cü ildə ölkəmizlə UNESCO arasında əməkdaşlıq haqqında Çərçivə sazişinin imzalandığını xatırladan nazir müavini Azərbaycan-UNESCO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında danışıb.

Mədəniyyət nazirinin müavini S.Məmmədəliyeva sessiya çərçivəsində Banqladeş və Burkina-Fasonun mədəniyyət nazirləri ilə görüşüb, ölkələr arasında mədəni əməkdaşlıq məsələlərini müzakirə edib, italiyalı ekspert Pietro Laureano ilə mədəni irsin qorunması sahəsində fikir mübadiləsi aparıb.

Sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılma, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr keçirilib.

Sessiyanın sonuncu günündə 2019-2023-cü illər üçün “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”nın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib. Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Respublikası Hökumətlərarası Komitəyə 4 illik üzv seçilib.

Komitə ümumilikdə 24 üzv-ölkədən ibarətdir və hər iki ildən bir üzvlərin yarısı yenilənir. Bu dəfə Azərbaycandan əlavə daha 11 ölkə üzv seçilib. İldə bir dəfə üzvlərini hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.