Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasından, həmçinin milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb. O, eyni zamanda müxtəlif dini mərasimlərin, müqəddəs bayramların tarixi xüsusiyyətləri, milli aspektləri və müasir dəyərlər sistemindəki yeri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Vurğulayıb ki, İslam dünyasının ən müqəddəs bayramlarından hesab olunan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. İslamda bu bayram xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, dini bayramlar mövzusu həmişə aktual olub, xüsusilə İslam dini ilə əlaqəli bayramların qeyd edilməsi məsələsində maarifçi yanaşma, dini məqamların doğru şəkildə insanlara çatdırılması olduqca əhəmiyyətlidir. Bayramların tarixi xüsusiyyətlərini, təsnifatını, ölkəmizdə qeyd olunan müxtəlif dinlərə aid bayramların mahiyyətini diqqətə çatdıran Ceyhun Əliyev vurğulayıb ki, bu bayramlar bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov vurğulayıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Qurban, Ramazan ümumxalq bayramları sırasına daxil olub, dövlət səviyyəsində qeyd olunmağa başlayıb və həmin günlər qeyri-iş günü elan olunub.
Qeyd edilib ki, dövlətimizin başçısının Ramazan bayramı münasibətilə təşkil edilən iftar mərasimində iştirak etməsi, dini bayramlar ərəfəsində İslam dininə mənsub xarici ölkə səfirlərini qəbul etməsi, həmçinin İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinə məxsus dini bayramların təşkilinə və qeyd olunmasına dəstək göstərməsi dövlətin dini bayramlara verdiyi dəyərin bariz nümunəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Qurban bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu deyib. Bu bayramda istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov respublikamızda yaşayan müxtəlif dinlərin nümayəndələrinin dini bayramlarını öz ənənələrinə uyğun şəkildə qeyd etmələri üçün yüksək şəraitin yaradıldığını bildirib. O vurğulayıb ki, dini bayramlar həmrəylik nümunəsidir, sosial səviyyəsindən, mədəni, etnik müxtəlifliyindən asılı olmayaraq bütün insanlar bu bayramları vəhdət halında yüksək səviyyədə qeyd edirlər.