Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrı Fransada – 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında uğura imza atıb.

Kollektiv ilk dəfə qatıldığı festivalda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında hazırladığı marionet tamaşası ilə seyrçilərin böyük rəğbətini qazanıb.

Teatr Azərbaycanın Fransadakı səfirliyinin və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə festivalda iştirak edib.

Tamaşanın təqdimatında vaxtilə ölkəmizdəki Fransa səfirliyinin mədəniyyət attaşesi olmuş Lük Obri çıxış edərək Bakı Marionet Teatrı, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası haqqında məlumat verib. Bildirib ki, Üzeyir Hacıbəyli M.Füzulinin eyniadlı poeması əsasında yazdığı “Leyli və Məcnun” operası ilə müsəlman Şərqində opera janrının əsasını qoyub. O, həmçinin Bakı Marionet Teatrının təsisçisi və rejissoru Tərlan Qorçu haqqında danışıb, “Leyli və Məcnun” əsərindən bəzi parçaları fransızca səsləndirib. Səhnə əsəri ilə bağlı mətni Lük Obri tərəfindən tərcümə edilmiş bukletlər tamaşaçılara paylanıb.

Sonra tamaşa nümayiş olunub. Tamaşaçılar səhnə əsərini böyük maraqla və heyranlıqla izləyib, bir çoxları isə nakam sevgi faciəsinin təcəssümünü emosional şəkildə qarşılayıb. Sonda ayağa qalxaraq əsəri alqışlayan izləyicilər aktyorları səhnəyə çağıraraq təşəkkürlərini bildiriblər. Özlərini təkcə marionet tamaşasında deyil, eyni zamanda operada hiss etdiklərini bildirib, tamaşanın musiqisini çox sevdiklərini diqqətə çatdırıblar. Səhnə dekorasiyasının, marionetlərin möhtəşəm olduğu vurğulanıb.

Qeyd edək ki, Bakı Marionet Teatrının uğuru hələ tamaşa üçün biletlərin satışa çıxarıldığı vaxt bəlli idi. Festivaldan 2 ay əvvəl satışa çıxarılan biletlər 10 gün ərzində satılıb qurtarmışdı. Bir çox tamaşaçılar gündə 2 seans olmaqla iki gün nümayiş etdirilən tamaşanın daha çox göstərilməsinə ehtiyac olduğunu qeyd ediblər.

Səyyar səhnədə istənilən effekti yaratmaq aktyorlardan böyük qabiliyyət və səbir tələb edir. Ancaq istedadlı rejissor, rəssam Tərlan Qorçu və aktyorları məharətlərini səfərbər edərək istədikləri səhnəni yaratmağa və tamaşanı uğurla təqdim etməyə müvəffəq olublar.

Bakı Marionet Teatrı bu festivala qatılmaqla zəngin və rəngarəng Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəylinin ölməz operasını və möhtəşəm musiqisini bir daha Fransada tanıtmış oldu.