Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan “Naxçıvan müqaviləsi”nin (2009) 10 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” keçirilir.

 

“İplər arasında harmoniya”

 

Oktyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstan Qobelen Sənətləri Birliyinin “İplər arasında harmoniya” adlı sərgisi açılıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi və Milli Xalça Muzeyi tərəfindən təşkil edilən sərgidə 40-dan çox əsər nümayiş edilib.

Muzeyin direktoru Şirin Məlikova sərgini Bakının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgi haqqında məlumat verib. Türk Şurasının Bakıdakı VII Sammiti ərəfəsində təşkil edilən sərginin əhəmiyyətini vurğulayan G.Əfəndiyeva deyib ki, belə sərgilər xalqlar arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə böyük təkan verir.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun reallaşdırdığı layihələrdən də söz açıb. Diqqətə çatdırılıb ki, Macarıstan türk dünyası ilə ortaq mədəni dəyərləri əsas gətirərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusu almaq istəyini ifadə edib. Bu mənada bu sərgi böyük əhəmiyyət daşıyır.

Ölkəsinə məxsus mədəni dəyərlərin Şərqlə bağlı olduğunu söyləyən Macarıstan səfiri Viktor Szederkenyi sərgi haqqında məlumat verib. Bildirib ki, qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılıb və macarıstanlı sənətkarlar da bu sənətdə bənzərsiz əsərlər yaradırlar.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

“Kitabi-Dədə Qorqud”a həsr olunmuş dəyirmi masa

 

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Yunus Əmrə İnstitutu ilə birgə təşkil edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan növbəti dəfə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: “1988-ci ildə ilk dəfə Azərbaycan və Türkiyə alimləri bir araya gələrək “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumu təşkil ediblər. Həmin ildən başlayaraq hər 10 ildən bir kollokvium təşkil olunur. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsi, həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir”.

Dəyirmi masanın “Türk dünyası həftəsi” çərçivəsində tədbirlərin davamı olduğunu diqqətə çatdıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva kollokviumun nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Professor Tofiq Məlikli, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, türkiyəli professorlar Əhməd Bican Elcilasun, Osman Fikri Sertkaya, Fikrət Türkmən, Saim Sakaoğlu və başqaları çıxış edərək təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu vurğulayıblar.

 

Nizaminin türklüyü və türklüyə münasibəti

 

“Türk dünyası həftəsi” çərçivəsində daha bir tədbir oktyabrın 14-də Milli Kitabxanada gerçəkləşib. Burada filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Cəfərzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimatı olub. Tədbir Mədəniyyət Nazirliyi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu və Milli Kitabxananın dəstəyi ilə keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək təqdim olunan monoqrafiyanın əhəmiyyətindən söz açıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın müxbir üzvü, kitabın baş elmi məsləhətçisi və ön söz müəllifi Nüşabə Araslı və başqa çıxış edənlər vurğulayıblar ki, monoqrafiyada dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Kitabda şairin öz soy-kökünə olan dərin rəğbəti və Azərbaycan alimlərinin tədqiqatlarındakı əksinin öyrənilməsi sistemli şəkildə, xronoloji ardıcıllıqla təqdim edilir.