Xalq yaradıcılığı ilə bağlı yeni layihə və proqramlar hazırlanacaq

Xəbər verdiyimiz kimi, ölkəmizin paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə bu ilin sentyabr-oktyabr aylarında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.

Kollektivlərin çıxışları nazirliyin əməkdaşları, həmçinin tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivalın bağlanış mərasimi keçirildi. Yekun tədbirə 21 kollektiv qatılmışdı.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, festivalda 80-dən çox kollektiv iştirak edib. Bu kollektivlər sırasından ən yaxşıları seçilərək bu gün çıxış edəcəklər.

Ölkəmizdə xalq yaradıcılığının inkişafına böyük əhəmiyyət verildiyini diqqətə çatdıran nazir qeyd etdi ki, bu qayğı Azərbaycanda yeni formalaşan yaradıcılıq sənayesinin inkişafı baxımından olduqca vacib əhəmiyyət kəsb edir.

“Sevindirici haldır ki, respublikamızın regionlarında xalq yaradıcılığı sahəsində çalışan kollektivlərin sayı artır. Ötən il üç xalq yaradıcılığı kollektivi Xalq teatrı adına layiq görüldü. Bu o deməkdir ki, yaradıcılıq axtarışları davam edir. Həmçinin vurğulamaq istərdim ki, Ənənəvi Respublika Folklor Festivalı gələcəkdə də davam etdiriləcək. Bilirsiniz ki, Masallıda ənənəvi beynəlxalq folklor festivalı keçirilir. Gələn il bu festivalın miqyasını daha da genişləndirmək niyyətindəyik. Məqsədimiz Azərbaycan xalqının əsrlər boyu yaratdığı ənənələri, xalq yaradıcılığı növlərini qoruyaraq gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Festivalın işinə ölkənin bütün bölgələrindən kollektivlər qoşularaq sübut etdilər ki, xalq yaradıcılığı ənənələrinin gələcəyi parlaqdır”.

Nazir festivalda ölkəmizdə yaşayan azsaylı xalqların da adət-ənənələrinin təmsil olunmasını yüksək qiymətləndirdi. Bildirdi ki, yaşlı nəsillə yanaşı, kollektivlərdə uşaq və gənclər də var. Onlar yaşlı nəsildən öyrənərək bu ənənələri gələcəyə aparırlar.

Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq yaradıcılığının inkişafına böyük önəm verdiklərini dedi: “Mədəniyyət Nazirliyinin qarşısında müvafiq tapşırıq və vəzifələr qoyulub. Biz xalq yaradıcılığı ilə bağlı yeni layihə və proqramlar hazırlayacağıq”.

Nazir çıxışının sonunda festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirdi. Dedi ki, qədim dövrlərdən qorunan ənənələrin gələcəyə aparılması milli irsimizin qorunmasına xidmət edir.

Sonra festivalın qalib kollektivlərinə diplomlar təqdim edildi.

Birinci yerin qalibini (“Xəmsə” xalq kollektivi, Gəncə) nazir Əbülfəs Qarayev təltif etdi. İkinci yerin sahibinə (“Mel” kollektivi, Qusar) diplomu nazir müavini Rafiq Bayramov, festivalın üçüncüsünə (“Zopu-zopu” kollektivi, Qəbələ) isə nazirliyin  Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova təqdim etdi.

Həmçinin ozan-aşıq sənətinin ən uğurlu nümayişi, multikultural dəyərlərin ən uğurlu nümayişlərinə görə fərqlənən kollektivlərə fəxri fərmanlar təqdim olundu.

Mərasim kollektivlərin konsert proqramı ilə davam etdi. Qeyd edək ki, festivalın final konsertinə Ağcabədi rayonunun “Qarabağ” folklor kollektivi, Ağstafanın “Dastan aşıqları” ansamblı, Gəncənin “Xəmsə”, Lənkəranın “Nənələr”,  “Buta” uşaq, Masallının “Halay”, Şabranın “Çıraqqala”, Qusarın “Mel” və “Assa”, Şamaxının “Şirvan” və “Buta”, Qəbələnin “Zopu-zopu”, Kəlbəcərin “Maral oyunu”, Saatlının “Adıgün”, Lerikin “Rəfti – Uzunömürlülər”, Şəkinin “Abay”, Balakənin “Mehriban bacılar” və “Nənələr”, Sumqayıtın “Şahinlər”, Qobustan rayonunun “Qobustan aşıqları” və Bakının “Oğuzlar” kollektivləri qatılmışdı.

LALƏ