Dünən Azərbaycan Yazıçılar Birliyinin katibi , dünyaşöhrətli yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” adlı kitabının təqdimat mərasimi keçirilib. Roman kitab şəkilində “Nurlan” nəşriyyatında nəşr olunub.
  
   Bu münasibətlə Bakı Kitab Klubunda keçirilən təqdimatda klubun direktoru Elxan Rzayev yeni kitab haqqında məlumat verdi: ”Əsər ən məşhur almazlardan birinin müasir günlərimizdəki macəralarından bəhs edir. Bu sayaq məşhuri-cahan ləl-cavahiratın hər biri arxasınca uzun, qanlı iz qoyub gəlmiş və mənsub olduğu şəxslərə daim çətinliklər yaratmışdır. Tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus olan və sonralar itən “Şah Abbas” almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır”.
   Sonra əsəri tərcümə edən Munisə Dadaşqızı dilimizdə detektiv terminologiyaların qarşılıqlarının olmaması səbəbindən təcrümə prosesində müəyyən çətinliklər çəkdiyini, lakin ümumən romanı maraqla dilimizə tərcümə etdiyini bildirdi. Bundan sonra müəllif-Çingiz Abdullayev öz fikirlərini oxucularla bölüşdürdü. Bildirdi ki, onda bu romanı yazmaq fikri tarixi bir faktla tanışlıqdan sonra yaranıb. Belə ki, Qacarlar sülaləsinə aid olan 3 qiymətli almazdan biri İngiltərədə saxlanılır. İkinci almaz Qriboyedovun öldürülməsinə görə qanbahası olaraq İran şahı tərəfindən rus çarına verilib. Üçüncü almaz haqqında isə hələlik məlumat yoxdur. Əsərin süjet xətti məhz həmin sonuncu almazın harada olmasına həsr olunub.
   Tədbirin sonunda Ç.Abdullayev oxucuların çoxsaylı suallarına cavab verib.
  
   Sabutay