“Əsas hədəf mədəniyyətin bütün sahələrində müasir texnologiyalardan istifadənin genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsidir”
Dekabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Kollegiya iclasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi.
Nazir müavinləri, nazirliyin Aparat işçiləri və strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirak etdiyi iclası açan Əbülfəs Qarayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, kollegiya iclasının gündəliyinə beş məsələ daxil edilib. Bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin 650 və böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı sərəncamlarına uyğun olaraq hazırlanmış tədbirlər planlarının icrası, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər barədə məruzə, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında məsələlər və nazirliyin 2020-ci ilin birinci yarısının iş planının təsdiq edilməsidir.
Gündəlik təsdiq olunandan sonra birinci məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov məruzə ilə çıxış etdi. Qeyd olundu ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti tərəfindən görkəmli ədəbiyyat xadimlərinin yubileylərinin qeyd olunması haqqında sərəncamlar imzalanıb. Bu sərəncamlarla bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanaraq icra olunub. Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi mütəfəkkir şairin yaradıcılığının daha geniş tədqiq və təbliğ olunmasına imkan yaradıb. İl ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox müxtəlif səpkili tədbir təşkil olunub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə bu il ikincisi keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində 30-dək tədbir gerçəkləşib.
Həmçinin C.Cabbarlının 120 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birgə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçirilib.
Şöbə müdiri bu il Bakıda altıncı dəfə keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkası və tədbirin ölkəmizdə kitab sənətinin inkişafına verdiyi töhfələr haqqında da söz açdı.
***
Sonra nazir Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatla çıxış etdi. Diqqətə çatdırıldı ki, nazirliyin birillik fəaliyyəti haqqında hesabat kitabça halında çap olunaraq kollegiya üzvlərinə paylanılıb. Buna görə də məruzədə ən mühüm hadisələrin əhatə edilməsi nəzərdə tutulub.
Mühüm tədbirlərlə zəngin il
İl ərzində nazirliyin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı. Diqqətə çatdırdı ki, yola salacağımız il Azərbaycan mədəniyyətində ən yaddaqalan illərdən olacaq: “Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi həm də mədəniyyət, ədəbiyyat, fəlsəfə, Azərbaycan dilinə xüsusi münasibət baxımından əlamətdardır. Çünki böyük şairin yaradıcılığı bütün bu sahələri əhatə edir və Azərbaycan mədəniyyətində, məfkurəsində dərin iz qoyub. 50 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Prezident İlham Əliyev 50 ildən sonra dahi şairin adını XXI əsrdə yenidən dünyanın diqqət mərkəzinə qaytardı”.
Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğuladı ki, bu il də ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. 2-3 may tarixində Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, iyunun 30-dan iyulun 10-dək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. UNESCO-nun bu mötəbər toplantısının Bakıda keçirilməsi təşkilatla ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Əbülfəs Qarayev bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESCO-da nüfuzunun xüsusi rol oynadığını vurğuladı.
Musiqi
Nazir əlamətdar musiqi hadisələri, rəngarəng tədbirlər, müsabiqələr, festivallar, dünyaca məşhur musiqiçilərin Bakı səhnəsində çıxışlarının 2019-cu ilin zəngin səhifələrindən olduğunu dedi. Qeyd etdi ki, aprel ayında Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub: “Azərbaycan rəqs sənətində öz yolu olan Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyində biz bir daha rəqs kollektivlərimizin yüksək peşəkarlığının şahidi olduq. Eyni zamanda qeyd etməliyik ki, bu gün simfonik və kamera orkestrlərimiz repertuarlarında yeni proqramla nəinki ölkəmizdə, eləcə də beynəlxalq nüfuzlu festivallarda uğurla iştirak edirlər. Rusiyada Azərbaycan musiqisinə həsr olunan ənənəvi gecələri də qeyd etməliyik. Bu il də dövlət başçısının sərəncamları ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan bir sıra görkəmli sənətkarların yubileyləri yüksək səviyyədə qeyd olundu”.
Əbülfəs Qarayev həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də Bakı Beynəlxalq Caz Festivalı, Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı və digər layihələrin əhəmiyyətini vurğuladı. Nazir Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş silsilə tədbirlər və bu çərçivədə son 10 ildə Azərbaycan bəstəkarlarının yazdıqları əsərlərin səslənməsini əlamətdar hadisə kimi dəyərləndirdi.
Teatr
Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan teatrının zəngin yaradıcılıq ənənələrinin qorunması, səhnəmizdə bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması, həmçinin informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü layihələr həyata keçirilib: “Teatrlarımız yeniliklərə doğru gedir. Hesab edirəm ki, bu da cənab Prezidentin verdiyi iki sərəncamın məntiqi nəticəsi idi. Cəlil Məmmədquluzadənin 150 və Cəfər Cabbarlının 120 illik yubileylərinin qeyd edilməsi bütün teatrlarımıza yeni istiqamət verdi. Azərbaycanda son vaxtlar hər bir teatrın tamaşası diqqətəlayiqdir və ümid edirəm ki, yaradıcı heyətlər gənc dramaturqların da əsərlərinə müraciət edəcəklər”.
Nazir diqqətə çatdırdı ki, il ərzində Pantomima teatrının 25, Yuğ teatrının 30 və dövlət başçısının sərəncamı ilə Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illik yubileyləri təntənə ilə qeyd olundu. Xüsusilə Yuğ teatrının son tamaşaları təqdirəlayiqdir. Azərbaycanın teatr hərəkatında bu il həm də Heydər Əliyev Fondunun dəstəyi, YARAT Müasir İncəsənət Mərkəzi və nazirliyin birgə əməkdaşlığı ilə keçirilən M.A.P. festivalı böyük əks-səda doğurdu.
Təsviri sənət
İlin təsviri sənət uğurlarından söz açan nazir qeyd etdi ki, təsviri və dekorativ-tətbiqi sənət sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni formalaşmış auksion ənənəsinin əsası qoyuldu: “Biz ilk dəfə uzun fasilədən sonra respublikanın fırça ustalarının əsərlərinin satış-sərgisini təşkil etdik. “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın 28 ölkəsindən 60-dək rəssam iştirak etdi”.
Diqqətə çatdırıldı ki, il ərzində görkəmli rəssamlarla yanaşı, uşaq və gənc rəssamların da sərgiləri təşkil olunub. Nazirliyin dəstəyi və təşkilatçılığı ilə sərgilərin, müsabiqələrin keçirilməsi sənətə yeni gələn nəsillərin yaradıcılıq həvəsini artırır. Nazir onu da bildirdi ki, hər bir azərbaycanlının evində bir rəssamımızın əsəri olmalıdır. Bu həm də gənc nəsildə Azərbaycan mədəniyyətinə hörmət formalaşdırar.
Muzey işi
Nazir çıxışında vurğuladı ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin nəticəsi olaraq bu gün muzeylərimizə gələn ziyarətçilərin sayında əhəmiyyətli artım müşahidə olunur. Muzey sahəsində çox ciddi işlər görülüb. Bir il ərzində Azərbaycan Milli Xalça Muzeyinin 122 min ziyarətçisi olub və bu rekord göstərici sayıla bilər.
2019-cu ildə Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi və Qobustan qoruğunda audiobələdçilərin tətbiqinin əhəmiyyəti də vurğulandı: “Bu cür innovativ yeniliklər digər muzeyləri də əhatə etməlidir. Regionlarda muzey sahəsində yeni maraqlı layihələr gerçəkləşdirilir. Bu gün bütün muzeylərin fondlarının elektron şəkildə saxlanılmasını təmin etmişik və gələcəkdə ümumi bir portalın yaradılması nəzərdə tutulub”.
Mədəni irsə qayğı
Azərbaycanın qədim və zəngin mədəni irsinin qorunması və təbliğindən danışan Əbülfəs Qarayev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işini xüsusi vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyev bu il üç qoruğun yaradılması haqqında sərəncam verib. Eyni zamanda Dövlət Xidmətinin 5 regional idarəsinin yaradılması barədə fərman imzalayıb. Aparılan islahatlar ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni mirasına xüsusi diqqətinin bariz nümunəsidir: “Dövlət Xidməti tərəfindən bu gün Şabran rayonunda Çıraqqala ətrafında işlər aparılır. Gəncədə Karvansaray, Gürcüstanla sərhəddə Qırmızı körpü bərpa edilir. Son illər 1500-dən çox yeni tarixi abidə aşkar edilib. Bu tarixi mirasın qorunması hər birimizin ümumxalq işi olmalıdır”.
Nazir ölkəmizdə mədəni irsə diqqətin nümunəsi kimi Qobustan muzeyinin Avropanın 5 ən müasir muzeyi sırasına daxil edilməsini vurğuladı. Bildirdi ki, bu o deməkdir ki, Azərbaycan hökuməti bəşəriyyət qarşısında götürdüyü öhdəliyi həmişə yerinə yetirir. Şəki şəhərinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinə nail olmağımızda da bu amillər rol oynayıb.
Beynəlxalq əməkdaşlıq
Beynəlxalq əməkdaşlıq sahəsində il ərzində əldə edilən uğurlardan söz açan nazir bildirdi ki, mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi məqsədilə, eyni zamanda innovativ inkişaf sahəsində mühüm işlər görülüb. Bu layihələr bundan sonra da davam etdiriləcək. UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda uğurla keçirilməsi, paytaxtımızın təşkilatın “Yaradıcı şəhərlər şəbəkəsi”nə salınması ölkəmiz üçün mühüm nailiyyətdir.
Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin yaradıcı sənayenin inkişafı istiqamətində addımları xüsusi qeyd olundu. Bildirildi ki, bu layihə ölkə rəhbərliyi tərəfindən qarşıya məqsəd kimi qoyulub. Bu həm də müasir dövrün çağırışıdır. Bu istiqamətdə davam etdiriləcək və hər bir region bu sənayenin formalaşdırılmasında yaxından iştirak etməlidir.
Dövlət əhəmiyyətli tədbirlər
Dövlət əhəmiyyətli tədbirlərin təşkilinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdıran nazir bu işdə əməyi keçənlərə təşəkkürünü bildirdi. Dedi ki, bu tədbirlərdə müxtəlif dövlət qurumları, nazirliyin tabeliyində olan teatr və konsert müəssisələri yaxından iştirak ediblər.
Bildirildi ki, mötəbər tədbirlər zamanı mədəniyyət ocaqlarının maraqlı mədəni proqram təqdim etməsi hər kəsin ürəyincədir. Ümumiyyətlə, bu qəbildən tədbirlərin uğurla keçirilməsi ölkədə Mədəniyyət Nazirliyinin işi haqqında müsbət rəyin formalaşmasına da öz təsirini göstərib.
Kinematoqrafiyada dönüş
Nazir iclas iştirakçılarının diqqətinə çatdırdı ki, mədəniyyət sahəsində ilin ən mühüm hadisələrindən biri mart ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Bu görüş digər istiqamətlər kimi, kinematoqrafiya sahəsinə də təsirsiz ötüşmədi. Dövlət başçısı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, nazirlik tərəfindən milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə mart ayının 20-dən iyunun 20-dək bədii, sənədli və animasiya filmləri üçün ssenari müsabiqəsi keçirilib. Müsabiqəyə hər hansı janr məhdudiyyəti olmadan müasir həyatın prioritet mövzularında ssenarilər qəbul edilib. 200-dək film layihəsindən seçilmiş qalib ssenarilər əsasında filmlərin istehsalına başlanılıb. Bu il həmçinin “Azərbaycanfilm” kinostudiyası, “Debüt” və “Azanfilm” studiyalarına yeni rəhbər təyinatları həyata keçirilib, kinematoqrafiyanın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu gün filmlərimiz çoxsaylı beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülürlər.
Xalq yaradıcılığı və regional əməkdaşlıq
Xalq yaradıcılığı və mədəni marşrutların təşkili ilə bağlı danışan Əbülfəs Qarayev bu sahədə bir sıra layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Aşıqlar Birliyi ilə əlaqələr, respublika miqyaslı sənətkarlıq festivalı, xalq teatrları festivalı, ənənəvi xalq kollektivləri festivalının keçirilməsi regionlarda böyük əks-səda doğurub. İlin birinci yarısında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı regionlar arasında mədəni mübadiləyə böyük təsir göstərib.
Nazir klubların fəaliyyətinin yenilənməsi ilə bağlı da fikirlərini bölüşdü. Qeyd etdi ki, bu sahədə işlərin həyata keçirilməsi məqsədilə müvafiq layihələr hazırlanır.
Nazir mədəni marşrutların təmin edilməsindən də söz açaraq regional idarələrə tapşırıq verdi. Bildirildi ki, regionlarda mədəni xidmətlər yüksək səviyyədə təşkil edilərsə, turistləri özünə cəlb edər. Regionlarda mədəni xidmətlər turizm şirkətləri ilə müqavilələr əsasında birgə aparılmalıdır. Bu istiqamətdə mütləq yeni layihələr təqdim olunmalıdır. Regionlarda yeni strukturda çalışmağımız daha səmərəli imkanlar yaradıb.
Kitaba qayıdış, elm və müasirlik
Nazir Bakıda keçirilən VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasının işini uğurlu hesab edərək tədbiri kitaba qayıdış kimi dəyərləndirdi: “Minlərlə insanın sərgiyə axını nailiyyət idi və bu iş davam etdiriləcək. Milli Kitabxana, Respublika Uşaq Kitabxanası, Gənclər Kitabxanası uğurlu layihələr həyata keçirirlər. Bütün kitabxanalar müasir tələblərə cavab verən xidmətlər təqdim etməli və fəaliyyət istiqamətlərini genişləndirməlidirlər. ALİSA elektron kitabxana sisteminin tamamlanması və tətbiqi mütləq şəkildə təmin edilməlidir”.
Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin fəaliyyətindən söz açan nazir mərkəz tərəfindən tərtib edilən metodiki tövsiyələrin gələcəkdə dünya təcrübəsini özündə əks etdirməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, dünyada baş verən yeniliklərin bu metodiki tövsiyələrdə qeyd olunması işin səmərəli qurulmasına xidmət edəcək. Bu istiqamətdə aparılan işlərlə bağlı müvafiq göstərişlər verildi.
Elektron xidmətlər və media ilə sıx əməkdaşlıq
Nazir 2019-cu ilin uğurları sırasında nazirliyin elektron xidmətlərini də qeyd etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) bu istiqamətdə dünya miqyasında nümunəvi layihələrdəndir.
Vurğulandı ki, il ərzində mətbuatda mədəniyyətlə əlaqədar minlərlə məqalə və informasiya dərc edilib. Mətbuat daim mədəniyyət mövzusuna həssaslıqla yanaşıb. Nazirliyin “Mədəniyyət” qəzeti və “Mədəniyyət.AZ” jurnalı “Nəsimi ili”nə töhfə olaraq xüsusi buraxılış hazırlayaraq təqdim edib.
Nazir həmçinin 2019-cu ilin uğurlu layihələrindən biri kimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan, rus, ingilis dillərində “Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqunun hazırlanmasını qeyd etdi. Dedi ki, bu layihə Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə töhfə verəcək.
***
Kollegiya iclasında 2019-cu ilin yekunlarına dair hesabat qəbul edildi. Sonra gündəlikdəki növbəti məsələlərə baxıldı.
Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə müzakirənin yanvar ayında keçirilməsi məqsədəuyğun hesab edildi.
Nazirliyin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında arayış qəbul edildi.
Daha sonra Mədəniyyət Nazirliyinin 2020-ci ilin birinci yarım ilinin iş planı təsdiq olundu. Diqqətə çatdırıldı ki, yarım ilə 100-dən çox tədbir nəzərdə tutulub.
***
Nazir sonda bir daha diqqətə çatdırdı ki, 2020-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Əbülfəs Qarayev qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iclas iştirakçılarını təbrik edərək növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.
Lalə AZƏRİ