Azərbaycanın görkəmli bəstəkarı və dirijoru maestro Niyazinin bəzi əlyazmaları not şəklinə salınaraq nəşr ediləcək. Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramovun verdiyi məlumata görə, bu əlyazmalara Niyazinin kiçikhəcmli əsərləri daxildir. Bu əsərlər indiyədək heç yerdə səslənməyib: “Onların bəziləri hətta fraqment şəklindədir. Bu səbəbdən üzərində müəyyən tamamlanma, redaktə işlərinin aparılması üçün əsərləri musiqiçilərdən birinə təqdim etmək istəyirik. Çox güman ki, bu, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova olacaq. Ülviyyə Hacıbəyova özü də həmin nəsildəndir, Soltan Hacıbəyovun gəlinidir”. Rza Bayramov onu da xatırladıb ki, Niyazinin iki il əvvəl çap olunan piano üçün pyeslərini də Ülviyyə Hacıbəyova redaktə edib.