“Bir kitabxananın tarixi” rubrikasında zəngin keçmişə və maraqlı ənənələrə malik kitabxanalarımız haqqında oxucuları məlumatlandırmaqda davam edirik. Budəfəki yazıda bu il 55 yaşı tamam olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tarixinə və fəaliyyətinə nəzər salacağıq.

Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına Kütləvi Kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci ildən kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin adını daşıyır.

Kitabxana fəaliyyətə başladığı vaxt Bakı şəhəri, S.Vurğun küçəsi 104 ünvanında beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşirdi. 2010-cu ildə kitabxana S.Vurğun 88 ünvanında daha rahat və geniş şəraitdə, müasir avadanlıqlarla təchiz olunaraq öz qapılarını uşaqların üzünə açıb.

Kitabxana yarandığı vaxt fondunda cəmi 43 000 nüsxə ədəbiyyat var idi ki, onun da 27 337 nüsxəsini uşaq ədəbiyyatı təşkil edirdi. Hazırda kitabxananın 300 min nüsxədən çox kitab fondu, 30 minə yaxın oxucusu, 25 mindən çox virtual oxucusu var. Bilik ocağının fondu Mədəniyyət Nazirliyi, Kitabxana Kollektoru və bir sıra nəşriyyatlar tərəfindən verilən kitablar hesabına zənginləşir. 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı olan kitabxananın paytaxtın Yasamal, Binəqədi və Suraxanı rayonlarında 3 filialı fəaliyyət göstərir.

***

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova günün tələbləri səviyyəsində mütərəqqi iş üsullarından istifadə etdiklərini bildirdi. Qeyd etdi ki, burada milli dəyərlərimizin qorunması və təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Hər il kitabxanada 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar sərgi təşkil olunur. Bundan başqa, həftənin bazar günləri kitabxanada keçirilən “Nağıl saatı” və “Psixologiya saatı” kitabxanaya oxucuların cəlb olunması işində mühüm rol oynayır.

“Milli-mənəvi dəyərlərimizi qoruyaq – nağıllarımızı yaşadaq” aksiyası çərçivəsində keçirilmiş müsabiqədə seçilmiş ən yaxşı aplikasiyalar “Nağıl otağı”nın divarlarında öz əksini tapmaqla kitabxanaya gələn hər bir oxucuda maraq doğurur. 2014-cü ildə kitabxanada keçirilən “Dünyanın mədəniyyət rəngləri” adlı tədbirdə uşaqlar tərəfindən təbii materiallarla hazırlanmış 12 ölkənin kuklaları da “Nağıl otağını” bəzəyir. Uşaqlar burada müasir texnologiya və metodlardan istifadə edir, təkcə öz nağıllarımızı deyil, dünya xalqlarının nağıllarını dinləyir, müzakirə edir, dünyagörüşlərini təkmilləşdirirlər.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2015-ci ildən “Bərpanəşr” layihəsi çərçivəsində 50-dən çox kitab ilk nəşr göstəriciləri olduğu kimi saxlanılmaqla işıq üzü görüb və bu istiqamətdə işlər davam etdirilir. Layihə üzrə ötən il ərsəyə gətirilən jest dilinə tərcümə olunmuş MP4 formatda elektron kitablar da xüsusi əhəmiyyət daşıyır. Kitabxana tərəfindən təsis edilən “Göyqurşağı” uşaq jurnalı məktəblilərin dünyagörüşünün inkişafında, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsində mühüm rol oynayır.

***

Kitabxanada mütəmadi olaraq elmi-təcrübi konfranslar, seminarlar keçirilir, qabaqcıl təcrübə məktəbi təşkil edilir. Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, tanınmış uşaq yazarları Zahid Xəlil, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Ələmdar Quluzadə, Reyhan Yusifqızı, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Aygün Bünyadzadə, Solmaz Amanova və başqa müəlliflər kitabxanaya gəlir, balaca oxucularla ünsiyyətdə olurlar.

Şəhla Qəmbərova qeyd etdi ki, yola saldığımız “Nəsimi ili”ndə kitabxana tərəfindən dahi şairin 650 illiyi ilə bağlı müxtəlif tədbirlər və layihələr həyata keçirilib. Həmçinin kitabxana VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub. Direktor bildirir ki, dövlət başçısının sərəncamı ilə bu il elan edilən “Könüllülər ili”ndə paytaxtımızda fəaliyyət göstərən “ASAN Xidmət” könüllüləri ilə birlikdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Bölgələri dolaşan “kitab karvanı”

 

Oxucuların informasiya tələbatının ödənilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Respublika Uşaq Kitabxanası tərəfindən 2011-ci ildən uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini – “Uşaq kitab karvanı” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində kitab karvanı 40-dək rayon-şəhərdə olub, yerlərdəki kitabxanalara ümumilikdə 30 mindən çox nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.

Direktor deyir ki, ötən il “Uşaq kitab karvanı” oktyabr ayında bir həftə müddətində Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax, Mingəçevir, Bərdə, Tərtər şəhər və rayonlarından keçib. Səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazarlarının oxucularla görüşləri, kitab təqdimatları və imza saatları da keçirilib.

 

Beynəlxalq əməkdaşlıq

 

Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, təşkilatla sıx əlaqə saxlayır. Kitabxana bu günədək İsveçrə, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Bosniya və Herseqovina, Sloveniya, Moldova, Serbiya, Gürcüstan və Baltikyanı ölkələrin kitabxanaları ilə əlaqə yaradıb, həmin ölkələrin uşaq kitabxanalarına Azərbaycan uşaq ədəbiyyatı nümunələri göndərilib. 2011-ci ildə Bosniya və Herseqovinanın “Dervis Susic” Kütləvi və Universitet kitabxanası ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış kitabxanalar” elan olunub.

Uşaqların sevimli kitabxanasının kollektivini və oxucularını əlamətdar yubiley münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

Nurəddin MƏMMƏDLİ