Türkdilli ölkələrin ortaq tarixi-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif layihələr reallaşdırılır. Bu il nəşr edilməsi gözlənilən “Türk dünyası dövlətləri”, “Türk dünyasının ortaq şəxsiyyətləri” kitabları da bu qəbildəndir. Kitabların Türkiyə üzrə bölümünün redaktoru – Qazi Universitetinin professoru, tarixçi alim Selma Yel ilə söhbətimizdə bu layihələrə toxunduq. Selma xanım həm də AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, ölkəmizin tarixi ilə bağlı elmi araşdırmaların müəllifidir.

 

– Selma xanım, əvvəlcə söhbətə ondan başlayaq ki, Azərbaycan tarixinə marağınız necə və haradan başladı?

– Azərbaycana olan marağım doktorantura çalışmalarımdan başlayır. Elmi işimin mövzusu Yakup Şevki Paşanın hərbi fəaliyyəti ilə bağlı idi. Onun ordu qərargahı Qarsda olub. 1918-ci ilin Mudros sazişindən öncə (15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra) Osmanlının digər cəbhələrdə də məğlub olacağı başa düşüldükdə və iqtidarda olanlar xaricə qaçdıqdan sonra geri çəkilən orduların başına Yakup Şefki Paşa təyin edilir. Mən onunla bağlı araşdırma apararkən Qafqaz İslam Ordusu, Azərbaycan Cümhuriyyətinin qurulması dönəmi, Güney Azərbaycan, Dağıstan hərəkatı kimi mövzuları da işləməli oldum. Beləliklə, 1982-ci ildən bəri mənim Azərbaycana çox böyük marağım başladı. Yəni bunlar elmi işimin ana xətləridir. Bir məqamı da qeyd etməliyəm ki, elmi işimi yazmazdan öncə də, məsələn, orta məktəb illərindən bəri Azərbaycanla bağlı məlumatımız var idi. Krım gerçəyini, Türküstan gerçəyini bilirdik. Yəni o zamanlarda bu mövzulara maraq göstərirdik. Doğrudur, sovet dönəmində məlum səbəblər üzündən çox xəbər ala bilmirdik. Amma ən azından Zeynəb Xanlarova kimi sənətçiləri dinləyirdik, Azərbaycan şeir və mahnıları (məsələn, “Çırpınırdı, Qara dəniz”, “Lalələr” və s.) Türkiyədə çox məşhur idi. Bir sözlə, Türkiyədə bizim üçün bir Azərbaycan həqiqəti, bilgisi var idi. Sonradan elmi işimin ana xətləri də yuxarıda saydığım mövzularla bağlı olduğu üçün bölgə ilə maraqlanmağa başladım və bu günə qədər davam etdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyəyə çox sayda tələbə, həmçinin alimlər gəldi. Onlarla ünsiyyət də bu yaxınlığı daha da möhkəmlətdi.

 

– AMEA-nın Tarix İnstitutu ilə də Türkiyənin bir sıra elmi araşdırma qurumları arasında işbirliyi formalaşıb və davam edir. Sizin bu əməkdaşlığınız necə yarandı?

– Professor olduqdan sonra Azərbaycana gedib-gəlməyə başladım. Bu səfərlərimiz zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışanlarla tanış olduq. İlk dəfə 2006-cı ildə tarixçi, dosent İradə Məmmədova ilə görüşdük. O məni Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovla tanış etdi. Mən Yaqub Mahmudovu Ankaraya dəvət etdim və  Atatürk Dil və Tarix Yüksək Qurumu Araşdırma Mərkəzinin o zamankı direktoru, professor Cezmi Eraslanla tanış etdim. Sonra bu iki qurum arasında işbirliyi anlaşması imzalandı. AMEA-nın Tarix İnstitutu tərəfindən bu sahədə təşəbbüslərimə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında töhfələrimə görə mənə fəxri doktor adı verildi. Bu ada layiq olmaq mənim üçün qürurverici idi.

O dönəmdə belə bir fikir ortaya çıxdı ki, ortaq türk tarixinin yazılması ilə bağlı bir müqavilə imzalansın. Bildiyimiz kimi, böyük bir Türküstan coğrafiyası var və sovetlər zamanı orada dövlətlər qurub. Hər birinə də qövm adları verilib – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan. Yəni böyük bir Türküstan coğrafiyasının ortaq türk tarixi yoxdur, dəyərlərimizə ortaq baxış nöqtəmiz tam formalaşmayıb. Elə götürək mətbəx mədəniyyətimizi. Qazax, qırğız, Azərbaycan, Türkiyə mətbəxləri arasında fərq ola bilər. Amma hamısını yuxarıya doğru birləşdirdikdə ümumi türk mətbəxi hesab olunur. Yaxud tarixi şəxsiyyətlərimiz. Mete xan, Oğuz xan, Dədə Qorqud, Bilge xan, Tonyukuk, Gültigin türk dünyasının ortaq şəxsiyyətləridir. Qədimdən sonrakı dövrlərə Teymur, İldırım Bəyazid və digərlərini göstərə bilərik. Bundan başqa, türk dünyasında baş verən örnək hadisələri də göstərə bilərik. 1920-ci illərdə Qazaxıstanda Alaş Orda hərəkatı başlayanda bütün türk dünyasına nümunə olmadımı? Eləcə də Azərbaycanda da Difai, Müsavat hərəkatları... Bu hərəkatlar türk dünyasının ortaq istiqlal mücadiləsidir.

Ona görə də “Türk dünyasının ortaq tarixi şəxsiyyətləri” kitabının ideyası ortaya çıxdı. Bir məqamı da xüsusi vurğulayım ki, bu şəxsiyyətlərə fərqli baxış da var. Özbəkistan Teymura dəyər verəndə, Bəyazidi düşmən kimi görür. Türkiyədə isə bunun əksinə. Halbuki onların hamısı bizimdi. O cümlədən Şah İsmayıl və Sultan Səlimlə bağlı mübahisəni götürək. Onların ikisi də türk hökmdarları, türk tarixinin görkəmli şəxsiyyətləridir. Ona görə də hər ikisinə ortaq nöqtədən baxmaq lazımdır.

 

– Bu yöndə təklifləriniz nədir?

– Söz uçar, yazı qalar, deyirlər. Alimlərimiz ortaq dili istifadə edib bu mövzunu çalışarlarsa, əngəllər ortadan qalxar. Əgər bütün türk millətləri bunu yazılı hala çevirsələr, bizdən sonra gələn nəsillər oxuyaraq deyəcəklər ki, Teymur da bizimdir, İldırım Bəyazid də bizimdir, Şah İsmayıl da, Yavuz Sultan Səlim də bizimdir. Burda maraqlı bir məqam var: Fatih Sultan Mehmetlə Uzun Həsən də savaşmadılarmı? Otluqbeli savaşı da türkləri bölən savaş deyilmi? Amma orda fərqli baxış yoxdur. Amma Şah İsmayıl və Yavuz Sultan Səlimə gəldikdə araya məzhəbçilik gəlir. Bunun qədər türk dünyasını bölən, nifaq salan, yanlış bir anlayış ola bilməz. Şah İsmayıl da türkdür, Sultan Səlim də türkdür. Bir səhvə görə qarşı-qarşıya gəliblər və savaşıblar. Mən “Ortaq türk tarixi” kitabında Sultan Səlim Yavuzu necə yazıramsa, Şah İsmayıl Xətaini də elə yazıram, azərbaycanlı tarixçi də eynisini yazmalıdır. Eləcə də mən Əmir Teymuru necə yazıramsa, özbək tarixçi də İldırım Bəyazidi elə yazmalıdır. Yəni bu kitabı yazarkən bu prinsiplər ilə yola çıxdıq: bu hadisələr bir xəta üzündən baş verib, olmamalı idi, oldu. Və biz o yaraları sarımalıyıq. Bəhs etdiyim hər iki kitab türkcə, azərbaycanca, eləcə də qırğız, qazax və özbəkcə eyni vaxtda nəşr ediləcək. Türkiyə tərəfindən hər iki kitabın redaktoru mənəm.

 

– Bu kitabların ideyası kimə məxsusdur?

– Bu fikir, təklif AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova aiddir. 2013-cü ildə Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilirdi. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) tarixçi alimlər iştirak edirdi. Biz də bu fikri dəstəklədik.

 

– Alim olaraq Azərbaycanın tarixi şəxsiyyətlərindən hansı diqqətinizi daha çox cəlb edir və onları türk dünyasına daha yaxşı tanıtmaq üçün hansı addımların atılması faydalı olardı?

– Belə şəxsiyyətlər çoxdur. Məsələn, götürək Nəsimini. Onun adı sovet dönəmində belə Qazaxıstan, Qırğızıstanda, Özbəkistanda tanınıb. Əli bəy Hüseynzadəni oxuduqca ona heyranlığım artır. Bundan başqa, Azərbaycanda gənclərin təhsillərini dəstəkləyən, daim kömək edən Zeynalabdin Tağıyevi unutmaq heç mümkün deyil. Türk dünyası şəxsiyyətləri ilə bağlı kitabın içində mütləq onun da adının keçməsini istəyirəm. Əslində, bizim bu çalışmamız onların röyasıdır. Daha doğrusu, onların röyasındakı bir damladır. Z.Tağıyev bunu xəyal edib, bunu edə biləcək insanlara təhsil almaları üçün təqaüd verib. Günümüzdə Z.Tağıyev kimi xeyriyyəçi-mesenat yoxdur. O, bir örnəkdir və Türküstan coğrafiyası onu tanımalıdır. Atatürkü, Nuru Paşanı da, Nobel ödüllü professor Əziz Sancarı yazmaq və tanıtmaq istəyirəm. Yəni onu demək istəyirəm ki, ümumiyyətlə, türk mədəniyyətinə aid olan hər yerdə biz işbirliyinə hazırıq. Alparslanın bir sözü var: Nişabur mənimdir, çünki orda atamın məzarı var. Bu gün mən Hindistana qədər sərhədlərimi genişləndirə bilmərəm, istəmirəm də. Ancaq istəyirəm ki, türk mədəniyyəti bütün Türküstan tərəfindən bilinsin, tanınsın. Yəni Hindistandakı Tac Mahal da bir türk abidəsidir. O halda bunların çox yaxşı yazılması və anladılması lazımdır.

Mehparə SULTANOVA
Ankara