Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-29 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçiriləcək.

Müşavirədə dövlət və özəl sektorun təmsilçiləri, yerli sənaye nümayəndələri, həmçinin paytaxt və regionlarda yerləşən bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edəcək. Tədbirdə Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni və ekspertlərin çıxışları da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub və hazırda 5 mədəni marşrutu üzrə təmsil olunur.

Ölkəmiz Avropa Şurasının “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim qayaüstü incəsənət izləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal şəhərlər” mədəni marşrutuna 2016-cı ildə, “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.