Aprelin 22-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ilk dəfə keçirilən Buktreyler festivalının nəticələri açıqlandı.

Buktreyler - bədii əsərin ən parlaq və yaddaqalan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Festivalın məqsədi kitab və mütaliənin təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Mərasimdə çıxış edən festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli bildirdi ki, cəmiyyət üçün faydalı olan festival çox böyük maraqla qarşılanıb. Festivala təqdim edilən işlərdən 21-i qəbul olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması üçün həyata keçirilən layihələrdən, kitabxanaların yeni nəşrlərlə təmin olunması, iş şəraitinin yaxşılaşdırılması, elektron kitabxana sisteminin yaradılması sahəsində görülən işlərdən söz açdı.
Buktreyler festivalının keçirilməsindən danışan V.Əliyev qeyd etdi ki, belə maraqlı təşəbbüslər nazirlik tərəfindən daim dəstəklənir. Layihə gənclərdə kitaba marağın artmasına imkan verir və təqdir olunmalıdır. Mütaliənin təşviq olunmasına xidmət edən festivalı müsbət qiymətləndirən V.Əliyev vurğuladı ki, videoçarx vasitəsilə kitabın, bədii əsərin məzmununu qısa şəkildə tamaşaçıya çatdırmaq özü də bir istedaddır.
Sonra qaliblərin adları açıqlandı. Birinci yerə Ercan Akarsunun "İkimizin melodiyası" əsərinə buktreylerin müəllifi Elçin Quliyev, ikinci yerə Nik Vuyçiçin "Hüdudsuz" kitabı ilə Natiq Axundov və Sayalı Baharın "Aztagrambook" kitabı ilə Fərid Rəsulov layiq görüldü. Üçüncü yeri Vüsal Nurunun "Prezidentin qızı" əsərinin buktreyleri ilə Asif Əliyev, Varis Yolçuyevin "Əzilmiş fotoşəkillər" kitabı ilə Elmin Əliyev və Orxan Fikrətoğlunun "Ölü mətn" kitabı ilə Elçin Elxanlı bölüşdürdü.
Birinci, ikinci və üçüncü yerlərin sahiblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı və diplom təqdim olundu. Mark Levinin "Ruhuna vuruldum" kitabına çəkilmiş buktreylerin müəllifi Səbinə Quliyeva tamaşaçı simpatiyasına görə diplomla təltif edildi.
Qeyd edək ki, festivalın qalibləri Xalq yazıçısı Çingiz Abdullayev, ssenarist, kinorejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, kinorejissor Elxan Cəfərov, rejissor, klipmeyker Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev və festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirlidən ibarət münsiflər heyəti tərəfindən seçilib. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib. Sonda münsiflərin verdiyi qiymətlər toplanmaqla qaliblər müəyyən olunub.

Fariz