Türkiyənin “Anadolu” agentliyi Azərbaycan xalqının böyük oğlu, ictimai-siyasi və dövlət xadimi Əhməd Ağaoğlunun həyat və fəaliyyəti barədə infoqrafika yayıb.

İnfoqrafikada 1869-cu ildə Şuşa şəhərində doğulan böyük şəxsiyyətin Azərbaycan və Türkiyədəki mühüm xidmətləri barədə oxuculara məlumat verilir. Əhməd Ağaoğlunun bioqrafiyasının yer aldığı informasiya tablosunda onun keçdiyi çətin və şərəfli həyat yolu diqqətə çatdırılır. Qeyd olunur ki, o, erməni silahlı birləşmələrinə qarşı müqavimət hərəkatında da fəal iştirak edib, “Difai” təşkilatının yaradıcılarından olub.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olan Əhməd Ağaoğlu Cümhuriyyətin süqutundan sonra Türkiyənin həyatında da eyni övlad məhəbbəti ilə təmsil olunub. O, Mustafa Kamalın öndərliyi ilə həyata keçirilən istiqlal mücadiləsində yer alıb, 1921-ci ildə Ankarada “Hakimiyyət-milliyət” qəzetinin redaktoru olub. Əhməd Ağaoğlu “Anadolu” agentliyinin qurulmasında mühüm rol oynayıb, bir müddət agentliyə rəhbərlik edib. Daha sonra Türkiyə Böyük Millət Məclisinə üzv seçilib.

Əhməd Ağaoğlu ömrünün sonunadək Türkiyədə yaşayıb, 1939-cu il mayın 19-da vəfat edib və İstanbulda dəfn edilib.

Mehparə SULTANOVA
Ankara