Rusiya turizm sektoru iyunun 1-dən ölkənin regionlarında karantindən mərhələlərlə çıxmağa başlayacaq. Bu barədə jurnalistlərə Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) rəhbəri Zarina Doquzova məlumat verib.

O bildirib ki, ilkin mərhələdə lisenziyası olan sanatoriyalar, kotteclər və apart-hotellər açılacaq. Federal Turizm Agentliyi 10 gün ərzində qubernatorlarla birlikdə hər regionun turizm sahəsinin özünün karantindən çıxış qaydalarını müəyyən edəcək.

Z.Doquzova vurğulayıb ki, hansısa sanatoriyada COVİD-19 xəstəsi aşkar edilərsə, müəssisənin karantinə bağlanıb-bağlanmaması məsələsi müzakirə olunacaq. “Rosturizm”in rəhbəri xatırladıb ki, pandemiyanın əvvəllərində Yaponiya sahillərinə yan alan kruiz gəmisinin təcrübəsi bu tədbirin səmərəsizliyini göstərdi. Eyni zamanda, təhlükəsizlik tədbirlərini də zəiflətmək olmaz.

Bu arada Rusiyanın Baş Nazirinin müavini Tatyana Qolikova qeyd edib ki, yaxın günlərdə ölkənin 20-dək regionunda epidemioloji şərait nəzərə alınmaqla karantin rejiminin yumşaldılması barədə qərar verilə bilər.