Pandemiya dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər və gələcək üçün yeni trendlər müzakirə olunub

İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib.

Bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə gerçəkləşən konfransın açılış sessiyasında İCESCO-nun baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Osaymin və BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos çıxış ediblər.

Konfransın gündəliyinə COVİD-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və İCESCO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil idi.

Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və İCESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə təmsil edib.

Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVİD-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Azərbaycanın İCESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd edib.

Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.