“Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq”

Dövlət nə lazımdırsa, onu edir. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır.

Prezident İlham Əliyev bu sözləri iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında deyib. Qeyd edək ki, bu, ölkəmizdə koronavirusa yoluxan xəstələrin müalicəsi məqsədilə istifadəyə verilən 5-ci modul tipli xəstəxanadır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi, burada da orta simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Eyni zamanda yeni tibb müəssisəsinin daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək.

Dövlətimizin başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşüblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bundan öncə modul tipli iki xəstəxana Bakıda, biri Sumqayıtda, biri isə Abşeron rayonunda fəaliyyətə başlayıb: “Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVİD-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır”.

Dövlət başçısı bildirib ki, bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilmişdi. Baxmayaraq ki, o vaxt xəstələrin sayı az idi. Həyat göstərdi ki, bu düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır: “Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik”.

Prezident vurğulayıb ki, koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Bir çox ölkələrlə müqayisədə Azərbaycandakı yoluxma  sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır: “Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur”.

Dövlət başçısı qeyd edib ki, may ayından etibarən sağalanların sayının yoluxanların sayından çox olması nəzərə alınaraq yumşalma meyilləri başlayıb: “Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək”.

Prezident daha sonra deyib: “Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın.

Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir”.

Dövlət başçısı bildirib ki, pandemiya nəticəsində dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın bir sıra sahələri, o cümlədən turizm sektoru zərər görüb. Amma bütün bunlara rəğmən sosial sahədə heç bir ixtisar olmayacaq: “Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək.

Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi, əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.

Prezident deyib: “Mən maska ilə gəzirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Prezident dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olunması ilə bağlı tapşırıq verdiyini deyib: “Çünki bu, milli təhlükəsizlik məsələsidir”.

“İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident görüşün sonunda koronavirusla mübarizədə ön cəbhədə olan tibb işçilərinə təşəkkür edərək deyib: “Koronavirusla bağlı mübarizədə siz ön cəbhədəsiniz və öz sağlamlığınızı, həyatınızı, yaxınlarınızın sağlamlığını risk altına qoyursunuz. Ancaq sizdə olan vətəndaşlıq borcu sizi bu işlərə sövq edir. Sizə uğurlar, cansağlığı arzulayıram. Özünüzə yaxşı baxın, xəstələrə yaxşı baxın ki, biz birlikdə bu ağır vəziyyətdən az itkilərlə çıxaq”.