Gürcüstanda keçirilən ənənəvi “Tbilisi Open Air” beynəlxalq musiqi festivalı bu il pandemiya üzündən təxirə salınıb. Növbəti festival 2021-ci ilin iyununda keçiriləcək.

Təşkilatçılar iyunun 21-22 və 23-nə nəzərdə tutulmuş festivalı əvvəlcə sentyabrın ikinci yarısına qədər ertələnmişdi. Lakin koronavirusun dünyada yaratdığı problemlər səbəbindən festivalın bu il keçirilməsinin mümkün olmayacağı qənaətinə gəlinib.

Təşkilat komitəsindən bildirilib ki, bununla bağlı yerli və beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparılıb. Koronavirusla əlaqədar musiqiçilərin və iştirakçıların təhlükəsizliyi nəzərə alınaraq festivalın gələn il  keçirilməsi məqsədəuyğun hesab olunub.

Qeyd edək ki, bu il bütün dünyada keçirilməsi nəzərdə tutulan festivalların 90 faizindən çoxu pandemiya səbəbindən təxirə salınıb.

Tbilisidə ilk dəfə 2009-cu ildə təşkil olunan “Tbilisi Open Air” regionda açıq səma altında keçirilən ən böyük musiqi festivalıdır. Festivalda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tanınmış musiqi qrupları iştirak edirlər.