Sosial izolyasiya və karantin dövründə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu sahədə çalışan əməkdaşların ixtisasartırma və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə rəqəmsal layihələri davam etdirir.

Regionlarda mədəniyyət sahəsində çalışan əməkdaşların ixtisasartırma təlimləri ilə tam əhatə olunması məqsədilə iyunun 30-da mərkəz tərəfindən “Rəqəmsal cəmiyyətdə kitabxanaların fəaliyyəti: mövcud problemlər” mövzusunda debat təşkil olunub.

Onlayn debatda Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Elmira Əliyeva, Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Natiq Mürsəlov, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının İnformasiya resursları şöbəsinin müdiri Ruhiyyə Məmmədova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova, MEMİM-in direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, mərkəzin əməkdaşları iştirak ediblər.

A.Usubəliyev çıxışında MKS-lər tərəfindən müasir kitabxana xidmətlərinin göstərilməsi məqsədilə əməkdaşlarda kreativ peşə təfəkkürünün formalaşmasının, bu sahədə qabaqcıl təcrübədən geniş istifadənin vacibliyindən danışıb. Vurğulanıb ki, ölkə rəhbərliyi tərəfindən bu sahəyə ayrılan diqqət mədəniyyətimizin tanıdılması istiqamətində effektiv yeniliklərdən istifadə olunmasını zəruri edir. Diqqətə çatdırılıb ki, MEMİM tərəfindən 2019-cu ildə MKS işçiləri üçün “Bölüşərək zənginləşək” şüarı altında yeni tədris modullu ixtisasartırma təlimləri təşkil olunub.

Debat çərçivəsində kitab oxuma mədəniyyətinin aşılanması və müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi məsələləri də müzakirə olunub.