İyulun 2-də Azərbaycanda polis orqanlarının yaranmasının 102 ili tamam oldu. Bu tarix ölkəmizdə polis işçilərinin peşə bayramı kimi qeyd olunur.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul – Polis günü münasibətilə paylaşım edilib.

Paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 iyul – Azərbaycan Polisi günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

“Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”, – deyə paylaşımda qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” səhifəsində də 2 iyul – Azərbaycan Polisi günü münasibətilə asayiş keşikçilərinə təbrik mesajı yayımlanıb.

2 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölüyünün yaradılması barədə əmr verib. Bununla Azərbaycanda polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə 2 iyul ölkəmizdə Polis günü elan olunub.