Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin təşkilatçılığı və Krakov şəhərinin meri Jatsek Mayxrovskinin, habelə Yagellon Universiteti Hüquq və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib.

Mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda keçirilən elmi konfransa Polşanın dövlət xadimləri, alimləri, eləcə də xarici ölkələrin, həmçinin Azərbaycanın təhsil ocaqlarının professorları qoşulublar. Ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov təmsil edib. Alim “Tarixi abidələr: milli mənəvi dəyərlər xəzinəsinin ən qiymətli incisi” mövzusunda məruzə ilə çıxış edib.

Ölkəmizin Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov da dəvət olunan mühazirəçi qismində “Azərbaycanda müasir dövrümüzə qədər qorunub saxlanılan bütpərəstlik abidələri” mövzusunda çıxış edib. Səfir Azərbaycan ərazisində qədim dövrlərdən günümüzə gəlib çatan bütpərəstlik abidələri haqqında məlumat verib.

Elmi diskussiya zamanı iştirakçıların suallarını cavablandıran Həsən Həsənov Azərbaycandakı tarixi, mədəni abidələrlə bağlı əlavə məlumat paylaşıb. İştirakçıların daha çox marağına səbəb olan mövzular isə Qız qalası, Yanardağ, Qobustan, Atəşgah, Beşbarmaq dağı və Azərbaycan ərazisində yaşayan tayfalar haqqında məlumat olub.