Beynəlxalq onlayn konfransda Azərbaycanın təcrübəsindən danışılıb

Yaponiyada tanınmış iş adamı Kazuyasu İşidanın rəhbərlik etdiyi “Sərhədləri aşanlar 3.0” klubu tərəfindən təşkil edilən “Müxtəlifliyə hörmətlə yanaşaq” adlı beynəlxalq onlayn konfransda Azərbaycanın bu sahədə uğurlu təcrübəsindən danışılıb.

Onlayn konfransa Azərbaycan, Koreya Respublikası, İslandiya və başqa ölkələrdən nümayəndələr qatılıb.

İştirakçılar əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, bu qlobal təşəbbüsün müxtəlif ölkələrdə həyat keçirilməsi ilə əlaqədar görülən işlər, həmçinin müxtəlifliyə hörmətlə yanaşma, milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq insanların dinc yanaşı yaşaması məsələlərini müzakirə ediblər. Eyni zamanda onlayn konfransda COVİD-19 pandemiyası dövründə dünyanın qarşılaşdığı problemlər və onların həlli, yeni şəraitdə xalqlar arasında əməkdaşlığın inkişafının davam etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Dillər Universitetinin müəllimi, “Yaponiya araşdırmaları” mərkəzinin rəhbəri Yaşar İbrahimov ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə 2015-ci ildə qoşulduğunu və ötən müddətdə bu sahədə mühüm işlər görüldüyünü bildirib.

Y.İbrahimov vurğulayıb ki, qlobal təşəbbüs iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir. Qeyd edib ki, Azərbaycan ötən illər ərzində Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. 2015-ci ildə ölkəmiz yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Cənub-Cənub” mükafatına layiq görülüb.

Konfransda çıxış edən K.İşida Azərbaycan rəhbərliyi tərəfindən müxtəlifliyə hörmətlə yanaşma, multikultural və tolerant cəmiyyətin inkişafı istiqamətində görülən işlərin şəxsən şahidi olduğunu diqqətə çatdırıb, ölkəmizin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu və digər bu kimi beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış çoxmədəniyyətli və tolerant mühitdən bəhs edərək bildirib ki, bu tədbirlər Azərbaycanı dünyada multikultural ölkə kimi tanıdır.

Onlayn konfransda digər ölkələrdə də həmin sahədə görülən işlər barədə ətraflı məlumat verilib.