“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni irsinin qorunması” mövzusunda təlimlərin təşkili layihəsini icra edir. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə icra edilir.

Quba rayonunda icra olunan layihə çərçivəsində qədim və unudulmaqda olan xalça naxışları, xalçaların daranması, iplərin seçilməsi və yuyulması, xalçaların qayçılanması, ilmə vurma, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, xalçaların toxunma qaydaları mövzularında nəzəri və praktiki təlimlər keçirilib.

Layihə rəhbəri, Azərbaycanın ilk sahibkar qadını, Əməkdar mədəniyyət işçisi Fatimət Ağamirzəyeva bildirib ki, xalçaçılıq sənətinin xanımlar arasında təbliğ edilməsi və nəsillərə ötürülməsi bu qədim sənətin yaşadılması deməkdir.

Təlimlərdə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev də iştirak edib. O, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətindən danışaraq sözügedən layihənin əhəmiyyətini xüsusi qeyd edib.