Əməkdar artist İlham Nəzərovun ilk CD albomu

Əməkdar artist, Prezident təqaüdçüsü, Azərbaycanın ilk və yeganə kontratenor səsinə malik opera ifaçısı İlham Nəzərovun “İnspiration” adlı ilk CD albomu avqustun 6-da dinləyicilərə təqdim edilib.

Albom F.Şubertin “Qu quşunun nəğməsi” adlı vokal silsiləsindən ibarətdir. Silsiləni dünya musiqi tarixində ilk dəfə kontratenor səsi ilə İ.Nəzərov ifa edib. Müxtəlif dillərdə əsərlər səsləndirən Əməkdar artist bu dəfə alman dilində ifa edib.

Azərbaycan vokal ifaçılıq sənətinin parlaq nümayəndəsi öz yaradıcılığında elm sahələrini də harmonik şəkildə birləşdirməyə nail olub. O, F.Şubertin “Qu quşunun nəğməsi”  vokal məcmuəsinin ifaçılıq prinsiplərini əks etdirən metodiki tövsiyənin müəllifidir. 

Qeyd edək ki, İ.Nəzərovun ifasında səslənən “Qu quşunun nəğməsi” ölkəmizdən kənarda da böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.  2019-cu ildə Parisdə keçirilən beynəlxalq müsabiqədə  vokalçı ilin ən yaxşı F.Şubert təfsirçisi adına layiq görülüb.

“Qu quşunun nəğməsi” vokal silsiləsi ifaçıdan yüksək ustalıq tələb edir. İ.Nəzərovun ifasında isə bu nümunələrin hər biri dinləyicidə böyük təəssürat yaradır. Bu baxımdan musiqisevərlərin CD-ni böyük məmnuniyyət hissi ilə qarşılayacağına əminik.

Günel BƏKİROVA