Dünya şöhrətli Hollivud aktyorları Arnold Şvartsnegger və Ceki Çan rusiyalı rejissor Oleq Stepçenkonun «Viy» filminin ikinci hissəsi olan «Çinə səyahət: dəmir maskanın sirri» filmində baş rolları ifa edəcəklər. Bu haqda filmin prodüserlərindən Qleb Fetisov açıqlama verib.
Xatırladaq ki, “Viy” rus yazıçısı Nikolay Qoqolun eyniadlı əsəri əsasında lentə alınmış filmdir. Əsər əsasında hələ 1967-ci ildə sovet kinosunun ilk qorxu filmi çəkilmişdi. Oleq Stepçenkonun filmi (2013) əsərin yeni ekran həyatıdır.
"Viy-2" ilk hissənin qəhrəmanı, britaniyalı Conatan Qrinin və kazak yoldaşlarının Çindəki macəralarından bəhs edir. Süjetə görə, Qrin I Pyotrun əmri ilə Çinə - Uzaq Şərqin xəritəsini hazırlamaq üçün yollanır. Əmrin yerinə yetirilməsi zamanı qəhrəman müxtəlif təhlükələr və mistik əlamətlərlə qarşılaşır.
Kinematoqrafçılar filmin ortaq istehsalı ilə bağlı razılıq əldə ediblər. Beləliklə, «Viy-2» film tarixində ilk dəfə olaraq Rusiya-Çin istehsallı ekran əsəri olacaq. Çin artıq indidən bu filmi ən aparıcı blokbaster filmlərindən biri kimi sayır və bu film sayəsində bir neçə yüz milyon dollar gəlir əldə etmək niyyətindədir.
«Viy-2: Çinə səyahət» filminin premyerası 2017-ci ildə olacaq.

İlona Qubadova