Türkiyənin Muş şəhərində 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Milli parkında dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edib.

Malazgirt zəfərinin tarixindən, o cümlədən gündəlikdə duran məsələlərdən danışan dövlət başçısı tarixi zəfərin 949-cu ildönümü  münasibətilə Türkiyə xalqını təbrik edib. Prezident vurğulayıb ki, Türkiyə heç kimin torpağına, suverenliyinə, sərvətlərinə göz dikməyib, ona aid olanlardan isə əsla pay verməyəcək.

Mərasim bədii proqramla davam edib.

Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen IV Diogenin ordusuna qarşı döyüşdə parlaq zəfər qazanıb. Bununla da Böyük Səlcuq imperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün Anadoluya qapı açılıb.