Moldovanın Qaqauz Yeri muxtar bölgəsinin (Qaqauziya) inzibati mərkəzi olan Komrat şəhərində Türkiyə Respublikası tərəfindən göndərilən tibb müəssisələri üçün humanitar yardım paketinin təqdim edilməsi mərasimi keçirilib.

Koronavirusla mübarizədə həkimlər və kiçik tibbi heyətin fərdi müdafiəsi üçün nəzərdə tutulan vasitələr (20 min maska, 1200 tibbi xalat və 300 kostyum) Türkiyənin Moldova Respublikasındakı səfiri Gürol Sökmensüer tərəfindən təqdim edilib.

Səfir bunu Qaqauziyaya qardaş dəstəyinin yardım rəmzi kimi səciyyələndirib. Qeyd edib ki, bu yardım paketinin təqdim edilməsi Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Moldova Respublikasına bu yaxınlarda baş tutmuş səfəri ilə bağlıdır.

Qaqauz Yerinin başqanı İrina Vlax göstərilən dəstəyə görə türk xalqına minnətdarlığını ifadə edib.

Xatırladaq ki, avqustun sonlarında Komrat şəhərində Türkiyənin baş konsulluğu açılıb. Mərasimdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Qaqauziya başqanı İrina Vlax iştirak ediblər.

İ.Vlax bildirib ki, Türkiyə 30 ilə yaxındır ki, Qaqauziyanın siyasi, iqtisadi və sosial inkişafına dəstək olur. Bildirib ki, Türkiyə Qaqauziya ərazisində xəstəxana, uşaq bağçası, məktəb və stadionun tikilməsi üçün sərmayə qoyacaq. Baş konsulluğun fəaliyyəti isə əməkdaşlığı daha da möhkəmləndirəcək.

M.Çavuşoğlu isə bildirib ki, biz güclü Moldovanın daxilində güclü Qaqauziyanın olmasını arzulayırıq. Türkiyənin Moldova ilə münasibətləri gücləndirdikcə, Qaqauziya bu işdə körpü olur.