Parisin Odile Ouizeman qalereyasında 2011-2019-cu illərdə çəkdiyim fotolar nümayiş olunur. Bu fotoları kitab şəklində də nəşr etdirmişəm.

Fotolar müxtəlif şəhərlərdə çəkilib. Səyahətlərim, olduğum ölkələr, şəhərlər haqqında xatirələrimi bölüşmək istəyirəm. Bu fotolar mənim baxışlarımı əks etdirir. Sərgi üçün foto kolleksiyamda Azərbaycanın paytaxtı Bakı ilə bağlı 12 şəklə önəm vermişəm. Bu şəkillər ziyarətçilərin diqqətini daha çox cəlb edir. Bakı mənim üçün Böyük İpək Yoludur.

Bu fikirləri fransız fotoqraf və yazıçı Giyom dö Sard deyib. Onun sözlərinə görə, Bakıya səfəri ən yaddaqalan səyahətlərindən olub. Fotoqraf Bakıda ziyarət etdiyi karvansaralardan, sonsuz “neft buruqları meşəsi” adlandırdığı peyzajdan söz açıb.

“Sonsuz neft buruqlarının məndə yaratdığı təəssüratları sakit bölüşə bilmirəm. Onlardan danışanda özümü yenidən Bakıda hiss edirəm. Bakı ilə bağlı xoş xatirələrim var”, – deyə G.dö Sard bildirib.

Paytaxtımızın ona Avropa şəhərlərini xatırlatdığını söyləyən fotoqraf Bakının müasirliyinin daha gözqamaşdırıcı olduğunu söyləyib. O, Bakını Şərq və Qərbin mədəniyyət vəhdəti olduğunu xüsusi qeyd edib.

“İnanıram ki, kitabım və sərgim bir çox insanlarda əsrarəngiz Bakı şəhərini ziyarət etmək arzusu doğuracaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Giyom dö Sardın sərgisi oktyabrın 31-dək ziyarətçilərə açıq olacaq.