“Biz Azərbaycandanıq!” silsiləsindən yeni adlar

Sovet dönəmindən fərqli olaraq müstəqillik illərində keçmiş SSRİ məkanında akademik rəssamlıq təhsili verməkdə ad çıxarmış İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (Rusiya Rəssamlıq Akademiyasının nəzdində) təhsil alan azərbaycanlıların sayı o qədər də çox olmayıb. Bununla belə, son iki ildə bu nüfuzlu təhsil ocağında üç nəfər soydaşımızın  tanınmış fırça ustalarından dərs alıb uğurla diplom müdafiə etməsi bizi sevindirir.

2018-ci ildə Xaqan Bayramov və Elşad Əhmədovun (o, bu il institutun aspiranturasına qəbul olunub), bu il isə Samir Rəhmanovun diplom işlərində nümayiş etdirdikləri icra sənətkarlığı, müəllimlərinin gənclər barəsində dilə gətirdikləri təqdiredici fikirlər onların uğurlu  gələcəyinə ümid bəsləməyə əsas verir...

Akademiyanın builki azərbaycanlı məzunu Samir Rəhmanovun yeni başlanan yaradıcılıq yolu artıq özünəməxsus bədii məziyyətləri ilə diqqəti cəlb etməkdədir. Tələbəlik illərində D.A.Kolleqova, İ.V.Petrov və Y.V.Kalyutindən (diplom rəhbəri) sənətin sirlərini öyrənən Samir Rəhmanov, realist-gerçəkçi sənətin yeni-yeni yaradıcılıq axtarışlarına təkan verə biləcək bədii-texniki vərdişlərinə yiyələnməklə, onun “estetik xəritə”sini fərdi xüsusiyyətlərlə zənginləşdirməkdədir. Bunu onun ən müxtəlif  janrlarda ərsəyə gətirdiyi rəngkarlıq və qrafika əsərləri də təsdiqləyir...

Samir Rəhmanovun altıillik “tələbəlik irsi”ni dəyərləndirməzdən əvvəl demək lazımdır ki, Rusiyanın məşhur realist rəssamı İ.Y.Repinin adını daşıyan ali təhsil ocağına qəbul olunmağın özünəməxsus tələbləri mövcuddur. Başqa sözlə desək, gerçəkliyi realist bədii vasitələrlə ifadə etməyə hazırlaşan abituriyentlərdən qəbul imtahanları zamanı bu yöndə malik olduqları vərdişlərin nümayişi tələb olunur. Etiraf edək ki, bunu dəf etmək xarakter və rəng duyumu coşqunluğu ilə fərqlənən soydaşlarımız üçün həmişə çətin olub. Ona görə də bu ali təhsil ocağında oxumağı özlərinin ən böyük arzusu hesab edənlər hələ Bakıdakı rəssamlıq ixtisası üzrə oxuyarkən həm də rəng palitralarının coşqunluğunu ram etmək, onun şərqli ruhunu Qərb-rus sənət məktəbi ənənələrinə uyğunlaşdırmaq yönündə davamlı fəaliyyət göstərirlər. İş burasındadır ki, təyyarəçi ailəsində dünyaya gələn Samir müstəqil hazırlıq yolu seçməklə, yerli “Əzimzadə məktəbi”ndə oxumadan Sankt-Peterburqda onu gözləyən çətin sınaqla üz-üzə qalmağa yollanmışdı. İlkin hazırlığı isə yalnız Respublika İncəsənət Gimnaziyasında keçən məşğələlərdən ibarət idi. Odur ki, onun sınaq tapşırıqlarını uğurla yerinə yetirib, rusiyalı rəssam-pedaqoqları razı salması və institutun tələbəsi adını qazanması çoxları üçün gözlənilməz idi...

Samirin tələbəlik dövründə ərsəyə gətirdiyi müxtəlif süjetli əsərlər elə ilk baxışdan onun üçün janr məhdudiyyətinin olmadığını sərgiləyir. Bu mənada onun yaratdığı portret, mənzərə və natürmortların bədii məziyyətlərində bu janrların “estetik xəritə”sinə özünəməxsus çalarlar əlavə etmək istəyi duyulur.  Gənc rəssamın davamlı olaraq müraciət etdiyi portret janrı onun yaradıcılığında önəmli yer tutur. Bunu müəllifin “xarakterlər məcmusu” kimi dəyərləndirilə biləcək portretləri də təsdiqləyir. Onun “Mütaliə edən qız”, “İstirahət”, “Düşüncələr”, “Avtoportret”, “Telefon zəngi” və s. əsərlərinin timsalında buna əmin olmaq mümkündür. Adıçəkilən portretlərin rəng qatının estetikasında duyulası bir yaxınlıq mövcuddur. Bu bədii-icra yaxınlığını onların “donuq” durumu səciyyələndirir. Bu nisbi “sakitliyin”  obrazların pozasında, çöhrəsində və  rəngində ifadə olunan qabarıq görüntüsü onların yaşantılarının cəlbediciliyinin əldə olunmasıdır. Bir qayda olaraq baxışlarını tamaşaçısından “qaçıran” və yaşantıları ilə baş-başa qalan müxtəlif xarakterli insanların bədii görkəm almış durumları kifayət qədər düşündürücüdür desək, həqiqəti söyləmiş olarıq.

Kətan səthinə belə yanaşmanın gənc rəssamın digər janrlı əsərlərində də rast gəlinməsi ilk növbədə bu estetikanın onun üçün daha etibarlı – tamaşaçını razı sala biləcək bədii-texniki vasitə olduğunu söyləməyə əsas verir. Samirin mənzərə janrında işlədiyi “Yay gəzintisi”, “Günorta”, “Çay kənarında” və  “Çimərlik” əsərlərinin icra manerasının etüd xarakteri daşıması məqsədli olub, bilavasitə müşahidə etdiyi təbiət motivlərinin təravətini qoruyub saxlamaq istəyinin ifadəsidir. Mavi, yaşıl və bozumtul rənglərin müəllif arzularına müvafiq tutum almış görkəmində lirik duyğular aşılayacaq bədii məqamlar kifayət qədərdir. Rəng qatının bəzən də ekspressiv görkəm alması isə həm də motivlərə canlılıq bəxş etmə istəyinin görüntüsüdür.

Onun natürmortlarında da oxşar rəng estetikası müşahidə olunmaqdadır. Bu məşhur janra sayagəlməz bədii münasibətlərdən sonra nələrisə əlavə etmək nə qədər çətin olsa da, gənc rəssam məişət əşyalarına özünəməxsus bədii tutum verməyə nail olmuşdur. Bu fərdi yanaşmada müəllifin görünənlərin daşıdıqları rənglərin “avazıması”na nail olmasını onun uğuru hesab etmək olar. Əşyanın “bəyaz rəng süzgəci”ndən keçirilmiş kimi qəbul olunan ümumi görüntsündə müşahidə olunan “sakitlik” həm də bədii lirizmə bələndiyindən duyğulandırıcı görünür.

Ümumiyyətlə, bəyaz rəngin bu və ya digər durumda rəssamın hər bir əsərinin estetikasında təsirli rol oynaması hiss olunandır. İstər portret və mənzərələrdə, istərsə də bu rəngin müxtəlif çalarlarının kətanı mənalandıran rəng qatına təsiri böyükdür. Bu kolorit daha çox “şimal palitrası”nın bədii göstərcisi olsa da, müxtəlif müəlliflərin təqdimatında onun həm də icra-ifadə mədəniyyəti olduğu çoxdan təsdiqlənmiş faktdır...

Altıillik ram olunmuş kimi görünən rəng palitrasından dünyaya və onun hadisələrinə göz qoyan Samirin diplom işində nümayiş etdirdiyi rəng əlvanlığı yaşıdlarının, daha çox isə müəllimlərinin heyrətinə səbəb olub. Əslində, kətan üzərində əyaniləşdirdiyi rəng emosionallığı və yaxı çılğınlığı gənc rəssamın seçdiyi mövzuya müvafiq idi. Təzadlarla dolu olan məşhur “Paris kafesi”ni başqa koloritdə təqdim etmək onun ruhunu-orada yaşananları inandırıcı təsvir etməkdən uzaq olardı. Müxtəlif masa arxasında oturan və  mükalimələrlə dolu anları yaşayan gənclərin kafenin gecə işığı altında görüntüyə gətirilən təsvirləri çox cəlbedici və duyğulandırıcıdır. Qırmızı, göy və qara boyaların təzadı əsasında gerçəkləşən rəng qatındakı emosionallıq görünən və yaddaqalandır. Bunu diplom müdafiəsində çıxış edən komissiya üzvləri də xüsusi vurğulayıblar. Onlar Samir Rəhmanovun simasında müasir Azərbaycan incəsənətinə layiqli töhfələr verə biləcək istedadın gəldiyinə əminliklərini bildiriblər. Biz də onun ilk böyük uğuruna sevinir, müəllimlərinin ümidini doğruldacağına inanırıq...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor