Ukraynada yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev nigeriyalı Anyanya Udongvo ilə Azərbaycanın xalq musiqisinin incisi sayılan “Sarı gəlin” mahnısını duet oxuyub.

Duet ifanın təşəbbüskarı afrikalı müğənni olub. Mahnı seçimini isə Vaqif Nağıyev edib. Məqsəd “Sarı gəlin” xalq mahnısını dünya xalqlarına Azərbaycan musiqisi kimi təbliğ etməkdir. Mahnının videoklipində isə rəqqasə Oksana Rəsulovanın ifası yer alıb.

Vaqif Nağıyev Bakıda doğulub. İlk dəfə üç yaşında olarkən bəstəkar Oqtay Zülfüqarovun yaratdığı uşaq ansamblının tərkibində Heydər Əliyev Sarayının səhnəsində çıxış edib. 2014-cü ildə Ukraynanın “1+1” kanalında yayımlanan “Ölkənin səsi-4” televiziya vokal şousunda (dünyaca məşhur “Səs” layihəsinin Ukrayna versiyası) iştirak edib. Müsabiqədən sonra müğənni italiyalı həmkarı İnqridlə “Drops of Hope” (“Ümid yağışı”) müəllif mahnısını yazdırıb.