F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzvlüyün məqsədlərindən biri də müxtəlif ölkələrlə uşaq ədəbiyyatı sahəsində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın uşaq yazarlarının əsərlərinin beynəlxalq miqyasda tanıdılmasıdır.

İBBY-nin İran bölməsindən Respublika Uşaq Kitabxanasına verilən məlumata görə, təşkilatın əməkdaşı, yazar, tərcüməçi, tədqiqatçı Nəsim Yusefi Azərbaycanın tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Aysu və Ay” əsərini fars dilinə çevirib. Əsər İranın paytaxtı Tehranda nəşr olunan “Hamşəhri” qəzetinin uşaq jurnalında dərc olunub.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) Azərbaycan milli bölməsi kimi fəaliyyəti çərçivəsində 2014-cü ildə Sevinc Nuruqızının “Aysu və Ay” əsərini Andersen mükafatına təqdim etmişdi. Əsər rus və ingilis dillərinə də tərcümə olunub.