16-18 sentyabr tarixində Türkiyənin tarixi və turistik Kapadokya bölgəsində – Nevşehirdə Beynəlxalq Turizm Filmləri Festivalı keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Nevşehir Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşən festivalda ölkəmiz də uğurla təmsil olunub.

Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin “Mənim ölkəm Azərbaycan” (“My Country Azerbaijan”) turizm tanıtım filmi “Ölkə” nominasiyasında “Qızıl mükafat”a (“Gold Award”) layiq görülüb.

Filmdə Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.

Qeyd edək ki, Türkiyədə 5-ci dəfə reallaşan bu festival Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CİFFT) himayəsi ilə hər il dünyanın 20-dək ölkəsində təşkil olunan beynəlxalq festivalın bir mərhələsidir.  Nevşehir festivalına bu il 18 ölkədən 40-dan çox rejissor və turizm mütəxəssisi qatılıb.

Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir qalasında açıq havada reallaşıb. Festival çərçivəsində konfrans, görüşlər, fotosərgi, fotosafari və s. tədbirlər də keçirilib.

Bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabrda təşkil olunub.

CİFFT üzvü olan ölkələrdə keçirilən mərhələlərlə təşkil olunan Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq geniş auditoriyaya təqdim olunub və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan “The Spirit of Azerbaijan - Azərbaycan ruhu” tanıtım filmi də Beynəlxalq Turizm Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü. Qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Nevşehirdəki Beynəlxalq Turizm Filmləri Festivalında qalib gələn “Mənim ölkəm Azərbaycan” tanıtım filmini Bakı Media Mərkəzinin rəsmi səhifəsində izləmək olar: www.youtube.com/watch?v=bgvtrGtHJ1s

Mehparə SULTANOVA