Tanınmış sənətçilər Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!...

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...

Mədəniyyət Nazirliyinin dəstəyi ilə cəmiyyətimizdə, xüsusilə yeniyetmə və gənclər arasında vətənsevərlik ruhunun inkişafı, milli mədəni yaddaşın bərpası məqsədilə yeni videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycanın tanınmış sənətçiləri Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirib.

Böyük şairin ölməz misraları xalq artistləri Ramiz Novruz, Alim Qasımov, Tünzalə Ağayeva və Fəxrəddin Manafovun dilində səslənib. Videoçarxı bu linkə daxil olaraq izləmək mümkündür: https://www.youtube.com/watch?v=Kihc7rSc3tw