Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarını kəskin şəkildə qınayıb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara və parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq TÜRKPA-nın Baş katibi işğalçı ölkənin Azərbaycanın Gəncə şəhərini və digər ərazilərini ağır artilleriya və raket atəşinə tutmasını pisləyib.

Altınbek Mamayusupovun məktubunda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb. Baş katib bu hücum nəticəsində dinc vətəndaşların həlak olması ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.