Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanının rəhbərliyi ilə şanlı tariximizə parlaq səhifələr yazır. Dövlətimiz və xalqımız Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Son dövrlərin Qarabağ savaşı bir daha göstərdi ki, müstəqil Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.

Ölkəmizin ərazi bütövlüyü, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan, canını fəda edən qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə informasiya bazasının yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazasında Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda rəşadətlə döyüşən və canından keçən Milli Qəhrəmanlar haqqında məlumatlar əks olunub. Bu gün ölkəmizdə əsl Vətən müharibəsinin getdiyi bir zamanda belə bir bazanın təqdim olunması xüsusilə əhəmiyyətlidir və gənc əsgərlərimizi qələbəyə daha da ruhlandırır. Məlumat bazası ilə tanış olmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər:

http://anl.az/el/emb/MILLI_QEHREMANLAR/index.html