Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Nəriman oğlu Həmidov Silahlı Qüvvələrimizin Ermənistan işğalçı ordusuna qarşı Qubadlı rayonu istiqamətində apardığı döyüşlərdə şəhid olub.

1975-ci ildə Qubadlı rayonunda anadan olmuş Şükür Həmidov doğma torpağında şəhidlik zirvəsinə yüksəlib. O, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından biri olmuş, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində bilavasitə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüşdü.

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona Qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.

Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

Xatırladaq ki, Milli Qəhrəman Şükür Həmidovla bağlı iki il əvvəl “Aprel yüksəkliyi” adlı sənədli filmi çəkilib. Filmdə qəhrəman hərbi xidməti və döyüş yolu barədə danışıb: “1995-ci il leytenant hərbi rütbəsi aldım və təyinatımı Naxçıvan Muxtar Respublikasına verdilər. Naxçıvanın Culfa şəhərində “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başladım, ön xəttə çıxdım. Sonra Tərtərdə briqada komandiri oldum. Tez-tez şəxsi heyətlə görüşürdüm. Məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu...”.