Bir neçə il əvvəl həyata keçirilən “Bakı, səni sevirəm” adlı kino layihəsində iştirak etmiş Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqrafçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya məktub göndəriblər.

“Biz 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk. Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun! Biz Sizinləyik!”, – deyə məktubda bildirilir.

Dəstək məktubunu Türkiyədən aktrisa Eyşan Özhim və prodüser Nadir Maçanov, Portuqaliyadan rejissor Andre Badalo, İtaliyadan aktyor Alesandro Bertoluçi, İngiltərədən rejissor Aleksandr Fodor imzalayıblar.