Rejissor Rüfət Əlizadənin “Arzu” filmi 29-31 oktyabr tarixində Türkiyənin Kayseri şəhərində keçiriləcək VIII “Qızıl çinar” festivalının qısa film kateqoriyasına daxil edilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il koronavirus səbəbindən onlayn formatda reallaşan kinofestivalda filmlər də onlayn nümayiş olunacaq. Ekran əsərləri festivalın saytında yayımlanacaq.

Rüfət Əlizadənin filmi müharibənin qızğın vaxtında öz şarını əlindən uçuran balaca Arzunun şarını axtarmağa və anasının da qızının axtarışına çıxmasından bəhs edir. Bir əsgərin köməyi ilə şarını tapan Arzu anası ilə düşmən əsgərlərindən gizlənərkən evləri və bütün kənd yandırılır, kənddəki bütün şarlar göyə qalxır...